XƏBƏRLƏR

ADU-da Qazi Universitetinin əməkdaşları ilə görüş keçirilib

13 avqust, 2021

ADU-da Qazi Universitetinin əməkdaşları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin  Elmi işlər üzrə prorektoru, professor  Novruz  Məmmədov qonaqları universitetdə  görməkdə  məmnun olduğunu bildirib.  Tədbirin əhəmiyyətindən danışan prorektor universitetlər arasında qurulan əlaqələrin vacibliyini xüsusi olaraq vurğulayıb:

“Bu gün Azərbaycan və Türkiyə arasında möhkəm, etibarlı və qardaşlıq müstəvisində əlaqələrin olması hər birimizi sevindirir. Mədəni və ədəbi əlaqələrin qurulması, həmçinin elmi mübadilələrin baş tutması gələcəkdə böyük işlərin təməl daşı hesab oluna bilər. Bu gün Azərbaycan və Türkiyə dostluğu bütün sferalarda özünü göstərir. Əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsində əlimizdən gələni edəcəyəmizə inanıram.”

Qazi Universitetinin professoru Necati Dəmir tələbələrə elmi tədqiqat işlərinin mövzularını təqdim edib. Türk xalqlarının qədim tarixindən danışan qonaq,  həmçinin, türk xalqlarının ədəbiyatının və mədəniyyətinin  tədqiq işinin vacibliyini və əhəmiyyətini qeyd edib:

“Öncə sizi böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan öz doğma torpaqlarını işğaldan qurtardı. Bu bizi çox sevindirdi. Azərbaycan gəncləri tarixi zəfərə imza atdılar. Bu zəfər münasibətilə hər bir gəncə öz minnətdarlığımı və sevgimi çatdırıram. Tarix boyu Türkiyə və Azərbaycan qardaşlığı hər zaman yaşayıb, yaşayır və yaşayacaq.” 

Tədbir zamanı əməkdaşlıq sahəsində xidmətləri olan əməkdaşlar universitetin təşəkkürnamə və diplomları ilə təltif olunublar. Türk tarixinin və ədəbiyyatının salnamələrindən bəhs olunub. Qədim türk torpaqlarında yaşayan xalqların adət-ənənələrindən, mədəni dünyagörüşlərinin əks olunduğu dastanlardan söhbət açılıb.  

Görüş tələbələrin sualları ilə yekunlaşıb.