Azərbaycan Dillər Universitetində magistr səviyyəsi üzrə qəbul 88,7% təşkil edib
Bu ilin nəticəsi onu deməyə əsas verir ki, ADU kollektivi pandemiya şəraitində təlim fəaliyyətini mükəmməl təşkil edib
2021-2022-ci tədris ilində Azərbaycan Dillər Universitetində (ADU) magistr səviyyəsi üzrə qəbul 88,7% təşkil edib. Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. ADU-nun magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayevanın hesabatına əsasən, bu göstərici 2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2% olub:
“Bu ilin nəticələri bizə onu deməyə əsas verir ki, ADU kollektivi pandemiya şəraitində təlim fəaliyyətini mükəmməl təşkil edib, təlimə olan motivasiyanı qoruyub saxlamağa nail olub.Professor-müəllim heyəti işinin öhdəsindən mükəmməl şəkildə gəlib. Magistr adı qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, onlar bakalavr biliklərini ali təhsilin magistr səviyyəsi üzrə daha da təkmilləşdirib Vətənimizin çiçəklənməsi və inkişafı uğrunda çalışacaqlar. Builki imtahanlarda uğur qazana bilməyən məzunlara demək istərdik ki, oxumaq heç vaxt gec deyil. Onların öz biliyini daha da dərinləşdirərək, növbəti qəbul imtahanlarında uğur qazanacağına ümid edirik” – deyə, şöbə müdiri bildirib.
F. Rzayeva əlavə edib ki, ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atılıb. Belə ki, hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilib. Həmçinin, bu tədris ilində də bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100% təşkil edib:
“Bir neçə il idi, bəzi ixtisaslara maraq demək olar, yox idi. Yəni, tələbələr o ixtisaslara maraq göstərmirdi. Amma indi vəziyyət daha ürəkaçandır. Çünki bu tədris ilində həmin ixtisaslar üzrə qəbul faizi yüksəkdir. Bütün bunlar təqdim olunan ixtisaslar üzrə həm tədris planlarının mükəmməl tərtib edilməsi, keçirilən dərslərin keyfiyyəti, həm də professor-müəllim heyətinin peşəkar kadrların hazırlanması istiqamətində əzmlə çalışması deməkdir. Eyni zamanda həmişə olduğu kimi universitetimizdə magistr səviyyəsi üzrə əcnəbi tələbələr də təhsil almağa böyük maraq göstərirlər. Bu nəticələr bizi daha da ruhlandırır”.