XƏBƏRLƏR

Şəmsinur Aslanova 50 – Yubiley təbriki

17 iyun, 2021

Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının alman dili üzrə dosenti Şəmsinur Aslanova 50 illik yubileyini qeyd edir. Kafedra rəhbərliyi və əməkdaşlarının təbrikini təqdim edirik.

"Əziz Şəmsinur xanım, Siz uzun illərdən bəri məkrli düşmən işğalında olan, hazırda müzəffər ordumuzun döyüşkənliyi, vətənin azadlığı uğrunda əzmkar mübarizəsi sayəsində azad olunmuş Qarabağımızın dilbər guşələrindən olan Füzuli rayonunda 18 iyun 1971-ci ildə anadan olmusunuz. 1978-1988-ci illərdə orada orta təhsil almısınız.

Alın yazısı Sizi 1988-ci ildə Azərbaycan Dillər Universitetinin tələbəsi edib. Siz 1988-1993-cü illərdə bu təhsil ocağının alman dili fakültəsində oxumusunuz. Uğurlu, gərgin zəhmət hesabına nail olduğunuz bilik, Sizə dərs deyən müəllimlər tərəfindən qazandığınız hörmət və dəyər sayəsində universitetdə saxlanılmısınız, 1993-1995- ci illər praktik alman dili kafedrasında laborant, baş laborant vəzifələrində çalışmısınız. 1995-ci ildən bu günə qədər olan müddətdə Siz Azərbaycan Dillər Universitetində müəllimlik peşəsi ilə məşğulsunuz. Bu illər ərzində Siz sıravi müəllimdən filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə və dosent vəzifəsinə doğru şərəfli və bu qədər də əziyyətli elm və peşəkarlıq yolu keçmisiniz. Hazırda ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının alman dili üzrə dosenti vəzifəsində çalışırsınız.

Sadalanan cansız,ruhsuz tarixi rəqəmlər kəsiyində Şəmsinur Veysəl qızı Aslanova olaraq Sizin canlı, ruhlu, ictimai hissiyyatlı, milli təəssübkeşli, ətrafınızdakı insanlara, Sizə əziz olan müəllim və tələbələrə sevgi məhəbbətlə dolu, humanist münasibətlərlə dolu həyatınız yerləşir.

Dərs vəsaitləriniz, beynəlxalq və yerli elmi konfranslarda çıxışlarınız özünüzə peşə etdiyiniz alman dilinin nəzəri və praktik tərəfləri ilə sıx bağlıdır, bu gün onlardan tədrisdə istifadə edilir.  Siz 30 məqalə və tezisin, 3 dərs vəsaitinin (1 dərs vəsaiti, 1 monoqrafiya, 1 proqram ) müəllifisiniz.

Kafedra, eləcə də universitet kollektivi Sizi həm də fəal ictimaiyyətçi, keçirilən tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanıyır. Novruz bayramı, Almaniya günü münasibəti ilə universitetdə keçirilməsi ənənə xarakteri daşıyan tədbirlərdə Sizin sayənizdə Xarici dillər kafedrası birinci yerdə olmuşdur və Rəhbərliyin təşəkkürlərini qazanmışdır.

Hörmətli Şəmsinur xanım, bu kiçik yazı Sizin keçdiyiniz mənalı elmi-pedoqoji fəaliyyətinizin 50 illik şərəfli, ictimai baxımdan olduqca maraqlı ömür yolunuzu dəyərləndirməkdə əlbəttə, xülasə icmal xarakteri daşıyır. Siz kafedra, eləcə də universitet üçün dəyərli pedoqoji, elmi sərvətsiniz.

Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının Sizə sayğısı, hörməti, səmimi həmkar münasibəti olan hər bir əməkdaşı ömrünüzün 50-ci ilində təbrik edir, Sizə elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayır, möhkəm can sağlığı diləyir. 50 iliniz mübarək!”