XƏBƏRLƏR

Akademik Kamal Abdullanın 28 may Respublika Günü münasibəti ilə təbriki

26 may, 2021

ADU-nun rektoru, akademik Kamal Abdullanın 28 may Respublika Günü münasibəti ilə təbriki

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla universitetin professor-müəllim heyətini, əməkdaşlarını, tələbə, magistr və doktorantları 28 may Respublika günü münasibəti ilə təbrik edib. Təbrikdə bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.  Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. 

Bu il 28 May – Respublika Gününün qeyd edilməsi xüsusilə əlamətdardır. Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər hər bir azərbaycanlıya ikiqat sevinc yaşadır.

28 May – Respublika Günü münasibəti ilə Sizin hər birinizi bir daha təbrik edir, işlərinizdə və dərslərinizdə uğurlar arzu edirəm.