"Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans keçiriləcək
Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq elmi konfrans keçiriləcək.
Artıq ənənə halını almış və silsilə olaraq keçirilən eyniadlı adlı I Beynəlxalq elmi konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetində keçirilmişdi. Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarusiya, Gürcüstan və s. kimi ölkələrin nüfuzlu universitetlərində təşkil olunmuş konfrans böyük marağa səbəb olmuşdu. II Beynəlxalq elmi konfrans isə ali təhsil müəssisələri ilə yanaşı, Respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində baş tutmuşdu. Konfransın miqyasının məktəblərə yayılması orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında öz töhfəsini vermişdi. Konfransda həmçinin, Rumıniya, Rusiya, Serbiya, Fransa, İsrail, İndoneziya və s. ölkələrin nümayəndələri iştirak etmişdilər.
Dünyada və ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu konfransın ötən ildə olduğu kimi virtual formada keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın elektron ünvanına 140-a yaxın tezis daxil olmuşdur. Tezislər arasında Universitetimizin, Azərbaycanın digər universitetləri və elm ocaqları ilə yanaşı Kiyev Milli Linqvistik Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Naberejnıy Çelnı Dövlət Pedaqoji Universiteti, N.İ.Lobaçevski adına Nijqorod Dövlət Milli Tədqiqat Universiteti kimi xarici universitetlərdən olan iştirakçıların tezisləri yer almışdır. Tezislərin hər biri redaksiya heyəti tərəfindən ciddi və diqqətli şəkildə yoxlanılmışdır. Daxil olan tezis sayının çox olması səbəbindən konfransda çıxış üçün yer əsasən xarici qonaqlara və redaksiya heyəti tərəfindən seçilmiş maraqlı mövzu müəlliflərinə veriləcəkdir. Tezislər konfransdan qısa müddət sonra redaktə edilərək elektron (Pdf.) versiyada Universitetin saytında və elektron kitabxanasında yerləşdiriləcəkdir.