XƏBƏRLƏR

Görkəmli alim Mina Quliyevanın kitabları ADU-nun kitabxanasına verilib

15 mart, 2021

Görkəmli alim, fransız dili üzrə tədqiqatçı Mina Quliyevanın fransız dilinin tədrisi ilə bağlı kitabları Azərbaycan Dillər Universitetinin kitabxanasına (ADU) verilib. Universitetin prorektoru, professor Novruz Məmmədov və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova alimin bacısı professor Zümrüd Quluzadə ilə görüşüb.  

Görüşdə Mina Quliyevanın fransız dilinin tədrisi və tədqiqi sahəsindəki böyük xidmətlərindən danışılıb, onun müəllifi olduğu kitabların bu istiqamətdə əsas istinad yeri olduğu qeyd olunub.

Professor Zümrud Quluzadə bildirib, Mina Quliyevanın kitablarının Azərbaycan Dillər Universitetinin kitabxanasına bağışlamaq təşəbbüsü ilə çıxış edib və universitetin rektoru, akademik Kamal Abdulla buna diqqətli münasibət göstərib:

“Mən Kamal müəllimə təşəkkür edirəm. Bu kitabların məhz Dillər Universitetinin kitabxanasına verilməsini ürəkdən istəmişəm. Məni bacım böyüdüb və ömrü boyu doğru yol göstərib. Son gününə qədər mənim rəhbərim olub. Ən yaxşı şeylərə görə bacıma minnətdaram. Namizədliyimi də, doktorluğumu da yazanda həmişə onunla məsləhətləşmişəm. O, ömrü boyu tək mənə yox, başqa adamlara da köməklik göstərib. 91 yaşında rəhmətə getdi. Son günlərinə qədər kitab yazırdı, işləyirdi. Deyirdi ki, Azərbaycan balalarının oxumağa, öyrənməyə kitabı olmalıdır. Ömrünü xalqa həsr etdi. İlk fransız dili dərsliyinin müəllifidir. “Fransız-Azərbaycan, Azərbaycan-fransız lüğəti”nin müəllifidir. Ömrü boyu canı vətənin yanında olub. Bunu söz naminə demirəm. Onun xalqdan, dilimizdən, mədəniyyətimizdən, ləyaqətimizdən başqa idealı olmayıb. Onun ruhu ancaq bununla şad ola bilər ki, yazdıqları xalqına çatsın. Xahiş etmişəm ki, bacımın kitabları sizin universitetin kitabxanasında saxlanılsın. Çünki onun əsas fəaliyyəti Azərbaycan Dillər Universitetində keçib. Daha sonra isə Təhsil Problemləri İnsitutunda çalışıb. Orada da böyük həvəslə işləyib. Rayonlara gedib, orada fransız dili müəllimləri ilə görüşüb, bacardıqca onlara kömək edib. Mina xanımın kitablarının yayılması mənim üçün əsas məqsəddir. Bu kitabların yayılması bizim xalqa siyasi, elmi və mənəvi cəhətdən vacibdir. Xalqın özünü dərk etməsi üçün öz mədəniyyətinə müraciəti vacibdir”.

Qeyd edək ki, Mina Quliyeva 1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakının 16 nömrəli rusdilli məktəbində alıb. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dil fakültəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirib. İnstitutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verilib. Mina xanım uzun illər respulikanın ali məktəbləri: Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını alıb. İşlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olub. Fransız dilinin yayılması sahəsində fəaliyyətinə görə Fransanın Elm və Mədəniyyət üzrə ən yüksək mükafatı olan “Akademik Palma” ordeni ilə təltif edilib.

1981-1993–cü illərdə Mina xanım Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitunun “Xarici dillərin tədrisi tarixi” və “Xarici dillərin tədrisi metodologiyası” sektorunun baş elmi işçi vəzifəsində işləyib. 1993-cü ilin yanvar ayında təqaüdə çıxıb. Alim 2016-cı ilin 11 oktyabrında Bakıda vəfat edib.

Mina xanım Quliyeva Azərbaycanda fransız dilinin öyrənilməsi sahəsində mühüm işlər görüb. Fəaliyyətə başladığı 1946-cı ildən, (11 oktyabr), rəhmətə getdiyi 2016-cı ilədək Azərbaycanda fransız dilinin, fransız dili tarixinin tədrisi və tədrisi metodikasının elmi-nəzəri problemlərinin, orta və ali məktəblər üçün dərsliklərin, Fransız-Azərbaycan və Azərbaycan-Fransız dili lüğətlərinin yaradılması (1965-ci ildən 5 lüğətin tərtibçisi və redaktoru olub) və çoxsaylı müxtəlif səviyyəli kadrların hazırlanmasında danılmaz rol oynayıb.