XƏBƏRLƏR

“Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabı ilə bağlı toplantı

08 fevral, 2021

Azərbaycan Dillər Universitetinin “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının nəşri ilə bağlı toplantı keçirilib.

Universitetin rektoru, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, kitabın hazırlanması vacib və strateji məsələdir, ADU-nun layihəyə cəlb olunan üzvləri öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər: “Bu kitabın hazırlanmasında Azərbaycan Dillər Universitetinin “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyası, “Xarici dillər”, “Fransız dilinin  leksikologiyası”, “Fransız dilinin fonetikası və qrammatikası” və “Alman dilinin fonetikası və qrammatikası” kafedraları və digər kafedra və mərkəzlər birgə fəaliyyət göstərirlər. 

Artıq kitabın 1-ci cildi üzrə aparılan bütün işlər yekunlaşmaq üzrədir. 1994-2003-cü illər üzrə materialların toplanması işi davam etdirilir. 

Bu böyük bir layihədir. Hesab edirəm ki, ortaya həddindən artıq vacib və maraqlı iş çıxacaq. Təsəvvür edin, Avstraliyada, Amerikada, Almaniyada Azərbaycan haqqında nə düşünüblərsə yazıblar və biz bunu təqdim edəcəyik. Bir az keçsin, bu işi İndoneziyada edəcəyik, bir az keçsin Çində. Əmin olun ki, bu işin içindən neçə namizədlik dissertasiyası çıxacaq”. 

Rektor əlavə edib ki, layihə ilə bağlı Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayevaya məlumat verilib və o, bu layihəni yüksək dəyərləndirib: “Qənirə Paşayeva bu ideyanın həddindən artıq maraqlı və əhəmiyyətli olduğunu vurğuladı. Bildirdi ki, hər kəs bu layihəyə gücü çatan qədər dəstək olmalıdır”.  

ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və digərləri layihənin icrası ilə bağlı görülmüş işlər haqqında məlumat veriblər.

Qeyd olunub ki, bu kitab geniş ictimaiyyətin maarifləndirilməsinə, eyni zamanda tədqiqatçıların işinə, tələbələrin dünyagörüşünün genişlənməsinə kömək baxımından əvəzsiz vasitəyə çevriləcək.