XƏBƏRLƏR

Konfutsi İnstitutunda Beynəlxalq Rəssamlar günü qeyd olunub

09 dekabr, 2020

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Beynəlxalq Rəssamlar günü”nə həsr olunan “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn-seminar təşkil edib. Seminarı giriş sözü ilə ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov açıb. O, təsviri incəsənət sahəsində Azərbaycanla Çinin qarşılıqlı münasibətlərinin yaranması tarixindən bəhs edib. Hər  iki ölkədə rəssamların sərgilərinin təşkilindən danışan R.Abbasov qeyd edib ki, bu sahədə Bakıda Heydər Əliyev Mərkəzində təşkil olunmuş müasir Çin rəssamlarının əsərlərindən ibarət “Bürc” sərgisinin, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində  portret və peyzaj janrında Çinin özünəməxsus sənəti olan təbii ipək üzərində işlənmiş, həmçinin qrafik  pannoların nümayiş olunduğu  sərginin mühüm əhəmiyyəti olub.

Seminarda Şərqi Çin Universitetinin magistri Samirə Məmmədova Çinin özünəməxsus rəsm sənəti olan “Qoxua” əsərlərinin  yaranma tarixindən və ənənələrindən danışıb, həmin rəsmlərin fəlsəfəsi ilə bağlı bir sıra məsələləri şərh edib, bu sənətdə mühüm hesab olunan “Quşlar və çiçəklər”, “Dağlar və sular” janrları ilə bağlı ətraflı məlumat verib.

ADU-nun çinşünas tələbələri seminarda Azərbaycan rəssamlarının yaradıcılığında Çin mövzusu ilə bağlı çıxış ediblər. Onlar əsasən yaradıcılığında Çin mövzusuna toxunmuş  rəssamların  əsərlərindən bəhs edib, bununla əlaqədar rəssam Nadir Qafarovun  kətan üzərində portret və peyzaj janrında işlənən “Böyük Çin səddi”, “Sixua gölü”, “Pekinin Şərq qapıları”, “Parkda qızlar”, “Suçjou ala-qaranlıqda” əsərləri, Nadir Əbdürrəhmanovun qrafika janrında işlədiyi “Çin balıqçıları”, “Şanxay”, rəssam Tahir Salahovun kətan üzərində işlədiyi “Çin balıqçıları ovdan sonra”, “Əlində şərab tutmuş qız”, “Çinli rəssamın portreti”, Altay Sadıqzadənin “Xançjoudan olan rahibə” və s. kimi əsərlərin yaranması ilə bağlı məruzələrlə çıxış ediblər.