ADU-nun alimləri ölkəmizi Samarada keçirilən beynəlxalq tədbirlərdə təmsil ediblər
Samara Quberniyasının Dövlət Dumasının dəvəti ilə Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup alimi Samara şəhərində keçirilən tədbirlərdə iştirak ediblər. Ölkəmizi Azərbaycan Dillər Universitetinin müəllim-professor heyəti - Linqvistik Kulturologiya kafedrasının müdiri prof. Məsməxanım Qaziyeva, Elm-tədqiqat laboratoriyası “Rusiyaşünaslıq Mərkəzi”nin müdiri prof. Məmməd Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri prof. Aida Yusifzadə, Fəlsəfə və sosial elmlər kafedrasının müdiri dos. Ədalət Abdiyeva, Fransız dili fonetika və qrammatikasının kafedra müdiri dos. Ülfət İbrahim təmsil edib.
3 sentyabr 2018-ci ildə Samara Akademik Opera və Balet Teatrında görkəmli elm adamları və Azərbaycan Dillər Universitetinin nümayəndələrinin iştirakı ilə Samara vilayətinin universitet təhsilinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri ilk çıxış sözü ilə Samara Rayon Rektorları Şurasının sədri, Samara Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, Samara rayonunun fəxri vətəndaşı G.P. Kotelnikov açıb.
Samara vilayətinin qubernatorunun vəzifəsini müvəqqəti icra edən Dmitriy İqoreviç Azarov bu cür əhəmiyyətli tədbirlərin keçirilməsində fəal iştirak etmiş bölgə nümayəndələrini xatirə medalı ilə təltif edib.
Azərbaycan Dillər Universitetinin Elmi-tədqiqat laboratoriyası “Rusiyaşünaslıq Mərkəzi”nin müdiri professor Məmməd Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanla Rusiya arasında möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və tolerantlıq ənənələri, qarşılıqlı faydalı ticarət, iqtisadi və humanitar əməkdaşlıq sahəsində ikitərəfli əlaqələr mövcuddur. Sentyabrın əvvəlində Soçi şəhərində keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü bunun parlaq nümunəsi olub ki, nəticədə mühüm hökumətlərarası sazişlər imzalanıb.
Daha sonra Azərbaycanın nümayəndə heyəti Samara Regional Universal Elmi Kitabxanasında keçirilən “Universitet-Elm-Şəhəri” nəşriyyat fəaliyyətinin 8-ci regionlararası akademik kitab sərgisini ziyarət edib.
Sentyabrın 4-də Samara vilayətinin Dövlət Dumasında Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialı və Azərbaycan Dillər Universitetinin Elmi Şurasının iclası keçirilib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdullanın təbrik məktubu qonaqlara çatdırılıb.
Daha sonra ADU-nun “Rusiyaşünaslıq Mərkəzi” Elmi-Tədqiqat laboratoriyanın müdiri, professor M.Əliyev laboratoriyanın fəaliyyəti haqqında danışıb. O, qeyd edib ki, 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılan “Rusiyaşünaslıq Mərkəzi” Elmi-tədqiqat laboratoriyası Rusiya Federasiyasının təhsil, elm və mədəniyyət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirir, müqavilə çərçivəsində ixtisaslaşmış Rusiya universitetləri və strukturları ilə əməkdaşlıq edir.
Daha sonra söz Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının müdir müavini, Samara quberniyasının deputatı, filologiya elmləri doktoru, dosent Elçin Həşimova verilib. O, məruzəsində vurğulayıb ki, Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialında Azərbaycanşünaslıq Mərkəzinin açılması xalqlarımızın və mədəniyyətimizin daha yaxınlaşması üçün çox vacib bir addımdır. Bu mərkəz Samara vilayətində yeganə elmi mərkəzdir. Bu mərkəzin əsas vəzifəsi Azərbaycan dili və mədəniyyətini öyrənmək, Azərbaycan tarixi və ənənələri ilə yaxından tanışlıq, hər iki xalqın tarixində əlamətdar tarixlərlə bağlı mühüm hadisələrin keçirilməsi sahəsində tədqiqat aparmaqdır. Qeyd edildi ki, Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə yaradılan AzərbaycanşünaslıqMərkəzinin fəaliyyəti üçün Azərbaycan Respublikasının dövlət atributları, elmi və tədris ədəbiyyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı materiallar, həmçinin müasir texnika ilə təmin olunacaq. Heyət həmçinin əminliklə bildirdi ki, Azərbaycanşünaslıq Mərkəzi nəinki iki universitet arasında akademik əməkdaşlığın, həm də xalqlarımız arasında dostluğun gücləndirilməsində mühüm rol oynayacaq.
Bundan əlavə, Rektorlar Şurası Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının tələbə kəndində də Azərbaycanşünaslıq Mərkəzinin açılması haqqında qərar verib. Samara rayonu Rektorlar Şurasının sədri, Samara Dövlət Tibb Universitetinin rektoru, akademik G.P.Kotelnikovun adından Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya təşəkkür məktubu göndərilib. Rektor məktubda Azərbaycan Dillər Universitetinin müəllim-professorlarına, o cümlədən nümayəndə heyətinə Samara vilayəti üçün belə əhəmiyyətli tədbirlərdə fəal iştiraklarına görə öz təşəkkürünü bildirib.
Sentyabrın 5-də Samara vilayətinin Şəhər Dumasının sədri A. Degtev ilə ADU-nun professor–müəllim heyəti arasında görüş keçirilib.
ADU-nun fəaliyyəti haqqında məruzə ilə “Rusiyaşünaslıq Mərkəzi “ elmi-tədqiqat laboratoriyasının müdiri prof. Məmməd Əliyev çıxış edib.
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin nəzdindəki fransız dili və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim Samara şəhərindəki 6 saylı litseydə Fransız dilinin öyrənilməsi ilə tanış olublar.