XƏBƏRLƏR

Təhsil-2 fakültəsində “Qarabağ Azərbaycandır və nida!” adlı tədbir keçirilib 

21 oktyabr, 2019

Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin dekanı vəzifəsini icra edən dosent Qorxmaz Mustafayevin təşkilatçığı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

Tədbirdə tələbələrlə bərabər rektorun məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı professor Fikrət Cahangirov və fakültənin professor-müəllim heyəti iştirak edib.

Fakültə dekanı v.i.e. Qorxmaz Mustafayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Soçi görüşü haqqında məlumat verib. Dövlət başçılarının Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik görüşündə Prezident İlham Əliyevin “bütün dünya tərəfindən düzən və dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını” erməni havadarlarının gözünün içinə baxaraq söylədiyini qeyd edib. Həmin görüşdə Cənab Prezident: “Qarabağ, tarixi və qədim Azərbaycan torpağıdır, belə ki, Qarabağ Azərbaycandır və nida işarəsi” deyə qəti fikrini bir daha bildirməsi Azərbaycan xalqına yeni ruh yüksəkliyini verdiyini bildirib.

Tədbirə dəvət olunan Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov Prezident İlham Əliyevin Soçi və Aşqabad görüşləri haqqında ətraflı məlumat verib. Dünyada  nüfuzu olan “Valday” diskussiya klubunun adının Novqoroddakı Valday gölünün adından götürüldüyünü və bu klubu 2004-cü ildə yaradıldığını qeyd edib. Soçi şəhərində 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixində Beynəlxalq Valday Diskussiya Klubunun XVI illik diskusiya klubunun görüşündə Şərq-şəfəqləri və dünya siyasi quruluşu, Yaxın Şərq dünya siyasətinin laboratoriyası, dini ekstermizm problemləri və onun siyasi təsiri, Böyük Avrasiya geoiqtisadi məkanının təşkilinin yeni forması kimi diskusiya mövzuları müzakirə olunub. Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirakı ilə müzakirələrə 40 ölkənin nümayəndələri, o cümlədən Qazaxıstanın prezidenti, Azərbaycan prezidenti, İordaniya kralı və digər hökumət və dövlət nümayəndələri qatılmışdır. Ermənistan prezidentinin 2019-cu ilin avqustun 5-də səsləndirdiyi sərsəm fikirlərə cavab olaraq  Prezident İlham Əliyev dünyanın aparıcı beyin mərkəzlərinin rəsmi şəxslərinin qarşısında “Qarabağ Azərbaycanındır və nida!” deməsi Paşinyana ən tutarlı cavab olub. Sonra Aşqabad görüşü haqqında, Ermənistan hökumətinin terrorçulara rəğbətindən danışılıb, qəddar, müsəlman-türk qanına susayan, “Holokost caniləri”ndən olan birinə abidə ucaldılması qınanılıb.

Müzakirələrdə iştirak edən Təhsil-2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Çəmən Babaxanova  öz kitabları vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdırdığını qeyd edib. Müsəlman dövlətləri ilə əlaqələrin genişləndirilməsi vacibliyini diqqətə çatdırıb. Çıxışlar ətrafındakı müzakirələrdə tələbə və müəllimlərin fəal iştirak edib.

Tədbirin sonunda rektorun məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı Ali Baş Komandan, prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı və MDB dövlət başçılarının Aşqabaddakı görüşündəki çıxışını geniş təhlil edib. Hər iki görüşdə Prezident İlham Əliyevin çıxışlarını hücum diplomatiyası kimi qiymətləndirən f.d. Anar Osmanlı, sonda tədbirin təşkilatçılarına, qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib.