XƏBƏRLƏR

Tələbəmiz “İndoneziyanın Mədəniyyəti və İncəsənəti Təqaüdü 2019” proqramında iştirak edib  

14 oktyabr, 2019

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Cənub-Şərqi Asiya, İndoneziyaşünaslıq ixtisasının tələbəsi Məmmədli Asya 2019-cu ilin may-avqust aylarında İndoneziyada keçirilən “İndoneziyanın Mədəniyyəti və İncəsənəti Təqaüdü 2019” proqramında iştirak edib. Onun təəssürat yazısını təqdim edirik.

 

“İndoneziyanın  Mədəniyyəti və İncəsənəti Təqaüdü” proqramı 2003-cü ildən başlayaraq hər il həyata keçirilir. 2019-cu ildə təşkil edilən proqram may ayının 4-dən avqust ayının 16-a qədər davam etmişdir.

Proqramda  dünyanın 40 ölkəsindən 72 nümayəndə iştirak etmişdir.  Bu il proqramın əhatə dairəsi daha da genişləndirilmiş və Kolumbiya və Qambiya kimi ölkələr proqrama ilk dəfə qoşulmuşdur.

Hər il olduğu kimi “İndoneziyanın Mədəniyyəti və İncəsənəti Təqaüdü 2019” proqramının da ilk həftəsi Cakarta şəhərində təşkil edilmişdir. Proqramın rəsmi açılışı İndoneziya Xarici İşlər Nazirliyinin daxilində yerləşən Pançasila binasında həyata keçirildi. Açılış mərasimində proqram haqqında qısa məlumat verildi və bütün iştirakçılar təmsil etdikləri ölkələrə xas olaraq mərasimə qatılanları salamladılar. Cakartada olduğumuz müddətdə Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidini, protestant kilsəsini və bir sıra tarixi yerləri ziyarət etdik.

Cakartada hər bir iştirakçı müvafiq incəsənət mərkəzinə təyin edildi. Bali, Coqcakarta, Makassar, Kutai Kartanegara, Padang və Banyuwangi incəsənət mərkəzi üzrə 12 iştirakçıdan ibarət 6 qrup təşkil edildi. Mənim seçildiyim incəsənət mərkəzi Cənubi Sulavesinin paytaxtı Makassarda yerləşirdi. Benin, Fici adaları, Flippin, Mərakeş, Malayziya, İndoneziya, İspaniya, Rumıniya, Rusiya, Solomon adaları və Yaponiyadan seçilmiş iştirakçılar ilə birgə Makassar şəhərinə gəldik. Təyin edildiyimiz incəsənət mərkəzi “İndoneziyanın Mədəniyyəti və İncəsənəti Təqaüdü 2019” proqramında ilk dəfə iştirak edən  “Kazaki Art School” idi.

“Kazaki Art Studio”da  Cənubi Sulavesi xüsusilə Makassar mədəniyyətinə məxsus xüsusiyyətlər öyrədilirdi. Bura toy adət-ənənələri və makiyaj üsulları  daxil idi. “Alekawa” dil kursunda isə hər bir iştirakçının dil səviyyəsinə uyğun olaraq dil dərsləri tədris edilirdi. Burada biz müxtəlif mövzular üzrə çıxışlar edir və inşalar  yazırdıq. Bununla yanaşı, “Alekawa” dil kursunda məişət mədəniyyəti və davranış qaydaları ilə bağlı dərslər də təşkil edilmişdi. Bu dərslər interaktiv həyata keçirilirdi və iştirakçıların üzləşdikləri problemlər müzakirə edilirdi.

Dil və mədəniyyət dərsləri ilə yanaşı hər gün rəqs və musiqi dərsləri tədris edilirdi. İlk olaraq Cənubi Makassara məxsus salamlama rəqsi olan “Paduppa” rəqsini öyrəndik. Bundan başqa, Toracaya məxsus “Piya Toraya”  və  Bugis etnik qrupuna məxsus “Cura Labba” rəqsini öyrəndik.  İştirakçılar  üçün rəqslərə uyğun milli geyimlər və aksesuarlar da hazırlanmışdı. Musiqi dərslərində isə Sulavesiyə xas milli alətlər ilə “Anging Mamiri” musiqisini ifa etməyi  öyrəndik. Eyni zamanda, proqram müddətində “Taeng bakery & pastry”də Makassara məxsus yeməklər və şirniyyatlar da bişirirdik.

Dərslərlə yanaşı, Sulavesi adasının müxtəlif görməli yerlərinə də gedirdik. Buraya  “Fort Rotterdam” kimi tarixi muzeylər və Samalona adası kimi ekzotik yerlər daxil idi. Bundan başqa, dəfn mərasimi ilə məşhur olan Toracaya, tropik təbiəti tanınan Malinoya, Kacang etnosunun yaşadığı Bulukumbaya və digər bir sıra bölgələrə səfər etdik.

Proqramın sonuncu həftəsi Cənubi Sulavesi Qubernatorunun evində bağlanış mərasimi həyata keçirildi. Tədbirdə öyrəndiyimiz rəqsləri və musiqini ifa etdik. Daha sonra bütün iştirakçılar  Banyuwangi də yenidən bir araya gəldilər. Burada “The İndonesia Channel”də iştirak etmək üçün intensiv olaraq məşqlər həyata keçirildi.

13 avqustda İndoneziya Xarici İşlər Nazirinin iştirakı ilə möhtəşəm tədbir təşkil edildi. Burada hər bir qrup öyrəndikləri rəqs və musiqi çıxışlarını nümayiş etdirdilər. Bağlanış mərasiminin bitməsindən sonra bütün iştirakçılar ilə birlikdə Banyuwanginin gəzməli yerlərinə getdik. 3 günlük gəzintidən sonra  “İndoneziyanın Mədəniyyəti və İncəsənəti Təqaüdü 2019” proqramı sona çatdı.