“Müəllimlərimiz bizə italyan dilini böyük həvəslə öyrədirlər” – Tələbələrin təəssüratları
Son vaxtlar abituriyentlər arasında italyan dilinə maraq artıb. Bu dilə olan maraq o səviyyəyə çatıb ki, artıq italyan dili ixtisasının keçid balı hər il artan dinamika ilə davam edir.
2019-2020-ci tədris ilində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin İtalyan dili ixtisasını kifayət qədər yüksək bal toplamış abituriyentlər seçiblər. Həmin tələbələrin təəssüratlarını təqdim edirik:
Fəridə Xəlilova (651 bal):
“İki ildir bu ixtisasa qəbul olmaq üçün hazırlaşırdım. Çox şadam ki, məhz Azərbaycan Dillər Universitetinə, sevdiyim ixtisasa qəbul olmuşam. Burada xarici müəllimlərin bilik və bacarıqları bizim dil bilgimizə yaxşı təsir göstərir, yeni biliklər əldə edirik. Təhsilimi burada aldıqdan sonra, İtaliyada davam etdirmək istəyirəm”.
Nigar Qasımova (530 bal):
“Mənim bu ixtisasa marağım qəbul imtahanlarından bir neçə ay öncə yarandı. Əvvələr fransız dilinə marağım olub. Bir gün sinif yoldaşım mənə italyan dilinin zənginliyi, faydalılığı və unikallığı haqqında danışdı. Beləliklə məndə italyan dilinə maraq oyandı. İtalyan dili sanki musiqi dilidir. Çox axıcı, həzin və rahatladıcı təsir bağışlayır. Bu ixtisası birinci yazmışdım. İtalyan dili ixtisasına qəbul olduğumu biləndə, çox sevindim. Gələcəkdə İtaliyada təhsilimi davam etdirmək arzusundayam”.
Mehri Ağayeva (606 bal):
“Mən əslində hüquq fakültəsinə qəbul olmağı düşünürdüm. Daha sonra ailəmin məsləhəti və dəstəyi ilə italyan dili ixtisasına qəbul olmağı qərara aldım. İtalyan dili ilə bağlı bir sıra araşdırmalar apardım. Bu dilə marağım yarandı. İtalyan dilinin zənginliyi, ölkənin tarixi, mədəniyyəti məni daha çox özünə cəlb etdi. Beləliklə, qəbul imtahanlarından sonra ixtisas seçimində italyan dilini ilk sırada yazdım. Bu gün bu ixtisas üzrə təhsil aldığıma görə özümü xoşbəxt hiss edirəm”.
Kəmalə Əliyeva (562 bal):
“Topladığım balın bu ixtisasa düşəcəyinə əmin deyildim. Çünki bu ixtisasın keçid balı hər il artmaqdadır. Lakin çox şadam ki, bu ixtisasa qəbul ola bildim. Gələcəkdə İtaliyaya səfər etməyi düşünürəm. Venesiyanı, Florensiyanı görmək istəyirəm və təhsilimi də İtaliyada davam etdirməyi düşünürəm”.
Nərgiz Hacıyeva (520 bal):
“İtaliya həmişə mənim xəyallarımın ölkəsi olub. Sonra ixtisas seçimi edərkən İtalyan dilini seçdim. Müəllimlər bizə italyan dilinin incəliklərini böyük maraqla və həvəslə öyrədirlər. Dərslərimiz çox maraqlı keçir. Ev tapşırıqlarımızı sevərək yerinə yetiririk. Bu ixtisasda oxumaq həqiqətən maraqlıdı”.
Gülcan Verdiyeva (498 bal):
“İtalyan dili ixtisası bizə gələcək perspektivlər vəd edir. ADU-nun aurası fərqlidi, bilik və bacarıqlarımızın artırılması üçün hər cür şərait var. Burada biz həmçinin fərqli dilləri də öyrənə bilirik. Bu da bizim dil bilgimizin daha geniş və əhatəli olması üçün mühüm bir amildir. İtalyan dilindən başqa, alman və fransız dilləri ilə də maraqlanıram”.
Həsən Ağazadə (581 bal):
“Bu ixtisas haqqında məlumatı ilk dəfə sosial şəbəkə vasitəsi ilə öyrəndim. İtaliyada təhsil alan bir tələbə təhsili ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Bu mənim diqqətimi çəkdi və mən İtalyan dili ixtisasına qəbul olmağa qərar verdim. Məqsədim dünya turuna çıxmaqdır. Təbii ki, ilk olaraq İtaliyaya səfər etməyi düşünürəm. Düşünürəm ki, bu ixtisasdan alacağım bilik və məlumatlar mənə arzularıma çatmaqda kömək edəcək”.