XƏBƏRLƏR

Aytən Yadigarlının “Yuxunun sehri” kitabının müzakirəsi keçirilib

19 iyun, 2019

İyunun 19-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası, Azərbaycanşünaslıq ETL-nin təşkilatçılığı ilə Aytən Yadigarlının “Yuxunun sehri” kitabının müzakirəsi keçirilib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev kitabın əhəmiyyətindən danışıb: ““Yuxunun sehri” kitabı həm tarixi, həm mədəni irsimizin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bu kitabı həm uşaqlar, həm tələbələr, həm də böyüklər oxuyub faydalana bilər. Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna, xüsusən, nağıllara, laylalara, oxşamalara və s. söykənir. Uşaq ədəbiyyatı oxucunu elm və həyatın müxtəlif cəhətləri barədə biliklərlə zənginləşdirir. Ata-babaların tarixi və məişəti, ölkənin coğrafiyası və s. haqqında biliklər verir. Bununla da, uşaqlar özlərini keçmiş nəsillərin varisləri və onların işlərinin davamçıları kimi dərk etməyə başlayır.“

Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Elnarə Yəhyayeva müəllifi təbrik edib, kitab haqqında fikirlərini bölüşüb: “Uşaq ədəbiyyatı həssas və bir o qədər ciddi bir ədəbiyyat sahəsidir. “Yuxunun sehri” kitabı həssaslığı və ciddiliyi ilə seçilir. Maraqlı mətnlər var kitabda. Nəinki uşaqlar, böyüklər də kitabı sevə-sevə oxuyur. Çünki tarixi sərlövhələr təbii, aydın şəkildə təsvir olunub.”

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Mehriban Mövlamova deyib ki, kitab fəlsəfi baxımdan yuxunun mahiyyətini müəyyən etmək üçün bir sıra məsələləri önə çəkir. İstər ədəbiyyatda, istərsə də mifologiyada yuxu xüsusi bir məqam kimi vurğulanır. Müəllif bu məqamı məharətlə izah etməyi bacarıb. Tariximiz, mədəniyyətimiz dolğun, sadə və maraqlı detallarla təsvir olunub.

Azərbaycanşünaslıq ETL-nin əməkdaşı Kürsümxanım Tahirli müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzu edib. O, bildirib ki, kitab bədii-ədəbi baxımından diqqəti cəlb edir. Hadisələrin yuxu vasitəsilə cərəyan etməsi oxucunun marağına səbəb olur. Bu da kitabın əsas uğur faktorlarından biridir.

Universitetin Elmi İşlər üzrə prorektoru, professor Sevinc Zeynalova, Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Hüseynova, dosent Əqidə Axundova, Aytac Rüstəmova, Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva, Dosent Sevinc Musayeva  kitab haqqında fikirlərini bölüşüb,  müəllifə yaradıcılıq uğurları arzu ediblər.

Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib. Tədbir tələbələrin sualları ilə başa çatıb.