XƏBƏRLƏR

Ema Miljkovic: "Konfransda iştirak mənim üçün böyük şərəfdir"

10 iyun, 2019

 “Azərbaycan Dillər Universitetinin rəhbərliyinə və konfransın təşkilatçılarına məni dəvət etdikləri üçün təşəkkür edirəm. Konfransda iştirak mənim üçün böyük şərəfdir. “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” çox önəmli konfransdır. Multikulturalizm və tolerantlıq vacib mövzudur. Ona görə də bu konfransın əhəmiyyəti böyükdür. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Məncə, bu nöqteyi-nəzərdən Azərbaycan dünyada təkdir. Serbiya dövləti olaraq biz də çox istəyirik ki, multikulturalizm dövlət siyasətimiz olsun. Ona görə də Azərbaycandan təcrübələrindən yararlanmaq istəyirik.

Konfrans, konfransın açılış mərasimi yüksək səviyyədə təşkil olunmuşdu. Bakı çox gözəldir. İnsanlar da qonaqpərvər və mehribandırlar. Ona görə də bu insanlarla tanış olmaqdan şadam. Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafından çox razıyıq. Xüsusilə, akademik münasibətlərin yaranmasından şadıq. ADU-da Serb dili mərkəzinin fəaliyyətindən də çox razıyıq və mərkəzin mövcudluğundan məmnunuq. Belqrad Universitetinin Filologiya fakültəsinin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzi də fəaliyyət göstərir. Mərkəzin yaradılmasında akademik Kamal Abdullanın, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun müstəsna rolları var.

Qeyd etmək istərdim ki, Belqrad Universitetinin Filologiya fakültəsinin professorları Liliano Markoviç və Aleksandra Vraneşin bu mərkəzin fəaliyyətində mənəvi dəstəkləri hər zaman hiss olunur. Zərifə Əlizadə və Lalə Məcidovanın da fəaliyyəti ilə bu əlaqələri genişləndirmək istəyirik. Mərkəzimizdə Multikulturalizm fənnindən mühazirələr oxunur. Belqrad Universitetində 2019-2020-ci tədris illərində Azərbaycan dili fənninin tədris olunacağı gözlənilir. Ümid edirəm ki, bizim tələbələr bu fürsətdən yararlanıb, Azərbaycan dilini yaxşı öyrənərəcəklər”.