XƏBƏRLƏR

Tələbələr Milli Kitabxanada təcrübədə olublar

16 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirəcək tələbələrin istehsalat təcrübəsinin yerində qiymətləndirilməsi və dəyərləndirilməsi məqsədilə həmin fakültənin İstehsalat və pedaqoji təcrübə üzrə dekan müavini Afət Namətova Azərbaycan Milli Kitabxanasında həm müəssisə rəhbərliyi, həm də təcrübəçi tələbələrlə görüşüb.

Afət Namətova kitabxananın direktor müavini Ədibə İsmayılova ilə görüşərək tələbələr haqqında məlumat alıb.

Tələbələr təcrübələrini “Xarici ədəbiyyat və Beynəlxalq kitab mübadiləsi” şöbəsində keçiblər. Onlar mütəmadi şəkildə şöbədəki iş prosesi ilə tanış olublar. Tələbələr eyni zamanda Milli Kitabxanada olan digər şöbələrdə -Oxuculara xidmət şöbəsi, Not nəşrləri və səs yazmaları, Nadir kitablar və kitabxana muzeyi, Mədəni-kütləvi işlər, Kitabişləmə və kataloqlaşdırma və s. şöbələrdə təcrübə keçiblər. Tələbələr kitabxanada keçirilən bir çox tədbirlərdə, o cümlədən Xocalı tədbiri, Ana dili günü, Çingiz Abdullayevin 60 illiyinə həsr olunmuş görüş, “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka”,  Gürcüstan Yazıçılar Birliyinin sədri, “Sxivi-Şəfəq” jurnalının redaktoru, şair Bağater Arabulinin “Gündüz yuxuları” adlı kitabının təqdimat mərasimində iştirak ediblər.

Təcrübəçi tələbələr Azərbaycan Milli kitabxanasının direktoru Kərim Tahirovun mütəmadi şəkildə onlarla görüşdüyünü, onların təklif və iradları ilə maraqlandığını qeyd ediblər.

Görüşün sonunda Afət Namətova və təcrübəçi tələbələrin rəhbərləri Nərmin Muradova istehsalat təcrübəsi müddətində onlara göstərdikləri qayğı, peşəkarlıq, öyrətdikləri bilik və bacarıqlara görə kitabxana rəhbərliyinə təşəkkür edib, gələcəkdə ADU və Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığın daha da intensivləşəcəyinə ümid etdiklərini bildiriblər.