XƏBƏRLƏR

Cəlil Məmmədquluzadəyə həsr olunmuş seminar keçirilib

26 aprel, 2019

AMEA Milli Azərbaycan Tarixi Muzeyində ADU Multikulturalizm Elmi Tədqiqat Laboratoriyası ilə birlikdə “C.Məmmədquluzadənin yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” adlı seminar keçirilib. Seminarda Muzeyin Elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva, ADU Multikulturalizm ETL-nın müdiri, siyasət üzrə fəlsəfə doktoru İrina Kunina, laboratoriyanın əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Afət Musayeva, elmi işçi Turan Kərimli, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, ADU Filologiya və jurnalistika fakültəsinin tələbələri, muzey işçiləri, gənc alimlər iştirak edib. Dosent Nərgiz Əliyeva iştirakçılara seminarın mahiyyəti haqqında məlumat verib. Qeyd edib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında bu tədbir təşkil olunub. Azərbaycan multikulturalizminin dərin qaynaqları var. Orta əsrlərdən etibarən islam həmrəyliyi, digər dinlərə tolerant yanaşma Azərbaycanda həmişə mövcud olub. Qeyd olunub ki, C.Məmmədquluzadənin əsərləri, "Molla Nəsrəddin" jurnalının orijinal nüsxələri Muzeydə mühafizə olunur. Sonra elmi işçi Turan Kərimli "C.Məmmədquluzadənin yaradıcılığında qadın azadlığı», tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov "C.Məmmədquluzadə və multikultural ideyalar" mövzusunda məruzələrlə çıxış ediblər. İştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb. Tədbirdən sonra tələbələr Muzeyin ekspozisiyası ilə tanış olub, Əli Fərhadov tərəfindən ekskursiya aparılıb.