XƏBƏRLƏR

ADU-da “Total imla” adlı beynəlxalq aksiya keçirilib

15 aprel, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, ADU-nun “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyası, Rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının təşkilatçılığı ilə “Total imla” adlı beynəlxalq aksiya keçirilib. Dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk  dəfə olaraq reallaşıb və  100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və təqaüdçüləri bir araya gətirib.

ADU rektorunun təşkilati məsələlər üzrə müşaviri dosent Seyfəl Həsənov aksiya iştirakçılarını universitet rəhbərliyi adından salamlayıb və hər kəsə uğurlar arzulayıb.

Sonra Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini  Aleksandr Kalamin çıxış edib.O bildirib ki, aksiya hər il yeni iştirakçıları cəlb edərək populyarlığını davamlı şəkildə saxlayır: “Mən çox şadam ki, Azərbaycanın müxtəlif universitetləri bu tədbirə böyük maraq göstərərək  öz platformalarını  təqdim edir. Bu il bu təşəbbüsü Azərbaycan Dillər Universiteti göstərdi. Bu dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm”.

Bu il “Total imla”nın mətninin müəllifi məşhur rus yazıçısı və ədəbiyyatşünas Pavel Basinskiy olub.“Total imla”nın Bakı iştirakçıları Maksim Qorkinin “Na dne” əsərinin  “Lovets duş” adlı  üçüncü hissəsini yazıblar. “Total diktator” qismində  ADU-nun “Rusiyaşünaslıq” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Diana Hüseynzadə  çıxış edib.

Qeyd edək ki, ilk dəfə “Total imla” 2004-cü ildə Novosibirsk Dövlət Universitetinin humanitar fakültəsinin tələbələri tərəfindən keçirilib.15 ildir dünya miqyasında həyata keçirilən aksiya Novosibirskdə yerləşən “Total imla” Fondu tərəfindən təşkil olunur və dünyanın müxtəlif yerlərində fəallar və könüllülər  reallaşdırır. “Total imla”  yaşından, milliyətindən, təhsil səviyyəsindən və sosial vəziyyətindən asılı olmayaraq bütün maraqlanan şəxslər üçün hər il keçirilən təhsil aksiyasıdır. Bütün rus dili sevənləri birləşdirən “Total imla”  aksiyasının əsas şüarı belədir: “Düzgün yazmaq dəbdir”.

Bu il dünyanın 3000-dən çox platformasında təxminən 250 min adam bu aksiyada iştirak edib.