XƏBƏRLƏR

ADU-da yaradıcılıq festivalının seçim mərhələsi keçirilib

11 aprel, 2019

Aprelin 8-də Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib.

Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığıyla ali məktəb tələbələrinə milli vətənpərvərliyi aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq məqsədilə hər il ənənəvi olaraq keçirilir.

Seçim mərhələsi zamanı münsif qismində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli iştirak ediblər.

Seçim mərhələsində ADU tələbələri şeirlər, musiqi nömrələri, milli və şərq rəqsləri nümayiş etdiriblər.

Sonda münsiflərin tələbələrin çıxışları ilə bağlı fikirləri dinlənilib.