XƏBƏRLƏR

ADU-nun tələbələri məktəbdə maraqlı layihə keçirir

09 aprel, 2019

Bakı şəhər Yasamal rayonundakı 13 nömrəli tam orta məktəbdə təcrübə keçən Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin 441 qrup tələbələri şagirdlərlə gözəl bir layihəyə start veriblər.

“Torpaqlarımızı qoruyan Azərbaycan əsgərlərinə məktub” adlı layihəyə məktəbin şagirdləri həvəslə qoşulublar. Qısa bir zamanda təcrübəçi tələbələr fəallıq göstərərək öz ürək sözlərini əsgərlərə çatdıran şagirdlərdən saysız məktublar toplayıblar.

Müdafiə Nazirliyinin xətti ilə ünvana çatdırılacaq bu məktublarda şagirdlər vətən keşikçilərinə tezliklə qələbə sevincini paylaşmağı diləyirlər. Ən təsirlisi isə odur ki, 5a sinfinin şagirdləri, bu işin təşəbbüskarı olan təcrübəçi tələbə Şəfəq Hacıyevadan yazılan məktubları oxumasını və öz fikrini bildirməsini istəyiblər. Çox qısa bir zamanda Şəfəq Hacıyeva şagirdlərin sevimli təcrübəçi müəlliminə çevrilib.