XƏBƏRLƏR

Dillər Universitetinin Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir

08 aprel, 2019

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" sərgisində iştirak edən Çin Dövlət Turizm Agentliyi Moskvadakı Nümayəndəliyinin direktor müavini xanım Xuan Yanyan ilə görüş keçirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin ilə Azərbaycan arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb. R.Abbasov qeyd edib ki, Azərbaycan-Çin turizim sahəsində əməkdaşlığının inkişafı Konfutsi İnstitutu üçün olduqca əhəmiyyətli bir iş sahəsidir və Çinin təhsil üzrə turizm sahəsində  konsaltinq şirkətlərinin nümayəndələri, çinli səyyah, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin elçisi Çen Lianquan ilə  keçirilən  görüşləri haqqında danışdı. R.Abbasov həmçinin Konfutsi İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını qeyd edib. Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım göstərmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiqini təşviq etməkdən ibarətdir. Xanım Xuan Yanyan Çin bazarında Azərbaycanın turizm məhsulunun və Azərbaycan bazarında Çin turizm məhsulunun iştirakını, dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin turizm üzrə peşəkar kadrların hazırlanması istiqamətində Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsi, ölkələrimizin turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsini, turizmin müxtəlif problemləri barədə mütəşəkkil elmi tədqiqatlar həyata keçirilməsini, sorğu-məlumat, metodiki və reklam materiallarının sistematik mübadiləsin aparılmasını vurğulayıb. Sonra turizm sektoru üzrə peşəkar kadrların hazırlanması istiqamətində, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.