Əlavə təhsil və təcrübə fakültəsində Xocalı faciəsinə həsr olunan dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Məmməd İsmayılov Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirib.
Rektorun məsləhətçisi, i e.f.d. Anar Osmanlı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər haqqında danışıb. İngilis dilinin qrammatikası kafedrasının dosenti Arif Əsədov öz fikrində ermənilərin tarixdə ən amansız vəhşiliklərlə yadda qalan faşistlərlə müqayisədə daha vicdansız, heysiyyətsiz və rəhmsiz olduğunu diqqətə çatdırıb. Daha sonra fakültənin YH-03 qrupunun tələbələri Məhərrəmova Fidan, Məmmədova Ətlas, Muradova Aynur, YH-05 qrupunun tələbəsi Rüstəmzadə Fariz Xocalı faciəsi haqqında çıxış ediblər.
Tədbirdə Azərbaycan xalqının başına gətirilən bu müsibətləri əks etdirən video-çarx nümayiş etdirilib, həmin dəhşətli anlar tədbir iştirakçılarının gözləri qarşısında canlandırılıb. Tədbirin sonunda fakültənin dekan müavini Nəsir Xankişiyev öz hisslərini Xocalı Soyqırımına həsr olunmuş şeir parçasıyla ifadə edib. Dosent Xocalı soyqırımını hər zaman xatırlamağın zəruriliyini nəzərə çatdıraraq, düşmənə layiqli cavab verməklə, işğalda olan torpaqlarımızın qaytarılacağına əmin olduğunu ifadə edib.