XƏBƏRLƏR

“Nəsimi və intibah ideyaları” Respublika konfransının təşkilat komitəsinin iclası keçirilib

22 fevral, 2019

Azərbaycan Dillər Universitetinin “Nəsimi və intibah ideyaları” Respublika konfransının təşkilat komitəsinin iclası keçirilib.

İclasda Respublika konfransının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılıb, təkliflər dinlənilib. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, konfrans çərçivəsində Nəsiminin həyat-yaradıcılığı, şairin bənzərsiz ədəbi irsinin araşdırılması və tədqiqata cəlb edilməsi, dünya ədəbi irsi ilə müqayisəli təhlili və başqa məsələlər xüsusi diqqət mərkəzində olacaq.

Aparılan müzakirələrdən sonra qərara alınıb ki, konfrans çərçivəsində dəyirmi masalar və məruzələr təşkil olunacaq, Nəsiminin dünya dillərinə tərcümə olunması tədqiq ediləcək, şairin bir şeiri ingilis, rus, alman, fransız, İndoneziya, Çin, ispan, italyan və başqa dillərə tərcümə olunaraq kitab şəklində çap olunacaq, qiraət müsabiqəsi təşkil ediləcək, o cümlədən digər tədbirlər düzənlənəcək.

Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Ölkə başçısının 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə isə 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib.