XƏBƏRLƏR

ADU tələbələri “Xocalıya ədalət” virtual aksiyasına başladı

20 fevral, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının sosial şəbəkələrdə təbliğ edilməsi, qanlı hadisənin gerçəkliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, Xocalı faciəsi xalqımızın tarixinə qanlı hərflərlə yazılmış hadisədir. Hadisənin gerçək üzünü beynəlxalq müstəviyə çıxarmaq və dünya ictimaiyyətində qanlı olayla bağlı dolğun fikir formalaşdırmaq dövlətimizin qarşısında duran vacib məsələlərdəndir. O, əlavə edib ki, aktiv gənclər olaraq tələbələr də bu işdə öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dil bilgilərindən istifadə edərək sosial şəbəkələr vasitəsi ilə Xocalı reallıqlarını dünyaya yaymalıdır. S.Hüseynov tələbələri aktiv olmağa səsləyib, faciə haqqında məlumatları müxtəlif dillərdə nüfuzlu qurumların elektron ünvanlarına yönləndirməyi tövsiyə edib.

Dəyirmi masada təşəbbüsün həyata keçirilməsi ilə bağlı müxtəlif ideyalar səsləndirilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, aksiya çərçivəsində universitet tələbələri müxtəlif sosial şəbəkələrdə paylaşımlar edəcək, ATƏT, AŞPA kimi nüfuzlu qurumlar və dünya dövlətlərinin parlamentariləri, senatorlarına aid olan elektron poçtlar da daxil olmaqla 1000-dən çox elektron poçta müxtəlif dillərdə məlumatlar ünvanlayacaqlar.