İsrail səfirinin xanımı ADU tələbələrinə mühazirə oxuyub
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzində İsrailin Azərbaycandakı səfirinin xanımı Gili Stav Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə ibri dilində mühazirə oxuyub.
“İnternetin mənfi və müsbət tərəfləri” mövzusunda mühazirə oxuyan G.Stav iki qrupa böldüyü tələbələrlə internetin mənfi və müsbət tərəflərini müzakirə edib, həmçinin internet vasitəsilə təhsil, sağlamlıq haqqında məlumatların əldə olunması, alış-veriş imkanları haqqında danışıb. O, mühazirəsində internetin təhlükəsizlik qaydaları və yaşlı nəslin internetdən istifadəsindən söz açıb.
Mühazirə İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə İsrailşünaslıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan ibri dilində danışıq dərsləri çərçivəsində keçirilib. Dərsdən kənar mühazirələrin ayda iki və ya üç dəfə G.Stav tərəfindən keçirilməsi nəzərdə tutulub.