XƏBƏRLƏR

ADU-nun rektorunun beynəlxalq elmi konfrans iştirakçılarına təbriki

03 oktyabr, 2018

Oktyabrın 1-də Azərbaycan Dillər Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin Filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransın açılış mərasimi videobağlantı vasitəsilə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın salamlama nitqi ilə başlayıb. Kamal Abdulla Serbiyanın Belqrad Universitetinin rektoru başda olmaqla, konfransın təşkilatçılarını və iştirakçıları konfransın keçirilməsi münasibəti ilə təbrik edib: “İcazə verin, sizi belə möhtəşəm tədbirin keçirilməsi münasibəti ilə ürəkdən təbrik edim. Konfrans olduqca maraqlı mövzuya həsr olunub. İpək yolunda kitabxana mövzusu onu göstərir ki, biz İpək yolunu yalnız müxtəlif ölkələrin qarşılıqlı iqtisadi fəaliyyət vasitəsi kimi deyil, həmçinin mədəni əlaqələrin inkişafı istiqamətində dəyərləndiririk”.

Rektor mötəbər tədbirin Belqrad Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində keçirilməsindən dolayı minnətdarlıq hissini ifadə edib. Rektor K.Abdulla həmçinin ADU-da bu yaxınlarda Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən açılışının baş tutduğu Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb:

“Bu mərkəz yalnız bizim universitetin tələbələrini deyil, ölkədə Serb dili və mədəniyyəti ilə maraqlanan bütün şəxsləri bir araya toplayaraq onları maarifləndirmə funksiyasını yerinə yetirir”. K.Abdulla bu konfransın davamlı olmasını arzulayıb: “İstərdim ki, bundan sonra estafet İpək Yolu üzərində yerləşən digər dövlətlər və universitetlərə ötürülsün. Təşkil etdiyiniz konfransda olduğu kimi, bundan sonra da İpək yolunda kitabxananın yaranması və fəaliyyəti ilə bağlı məsələləri öyrənən, tədqiq edən həmkarlarımızın bir-biri ilə daimi əlaqədə olmasını arzu edirəm. Müxtəlif ölkələrdən olan iştirakçıları, serbiyalı həmkarları bir daha təbrik edirəm. Bakıda görüşənədək”.

Azərbaycan Dillər Universitetinin də təşkilatçılarından biri olduğu konfransın açılış mərasimində Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları, o cümlədən İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Çernoqoriya, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və elm xadimləri iştirak edib.

Konfrans çərçivəsində "Dövlətlərin mədəniyyət siyasəti və kitab mədəniyyəti", "Rəqəmsal humanizm kontekstində transkulturalizm", "Yeni semantik qətnamə üçün cəmiyyət, kommunikasiya və inkişaf", "Kitabxana transkulturalizmin güzgüsü", "İpək Yolu mədəniyyətində Azərbaycan və Serbiyanın perspektivləri" və digər mövzularda müzakirələr aparılıb.

Xatırladaq ki, aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycanın Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, xalqımızın zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb. Daha sonra isə mayın 22-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan Dillər Universitetində Serb dili və mədəniyyəti mərkəzinin açılıb.