ADU tələbələri AXC-nin yaranmasının 100 illiyinə həsr olunan tədbir keçiriblər
23 fevral, 2018
Fevralın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 saylı məktəbdə təcrübə keçən tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriblər.
Tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan pedaqoji təcrübə keçən tələbələrin rəhbəri Anar Rəhimov Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin çox gözəl bir addım olduğunu deyib. O, AXC-nin yaranması haqqında məlumat verib, qeyd edib ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, istiqlal uğrunda mübarizə aparıb, 1918-ci ildə qurulan Cümhuriyyət bu mübarizənin nəticəsi olan tarixi bir nailiyyətdir.
Tələbələrdən Şəbnəm Abbasbəyli, Əfruz Məmmədova və Ülviyyə Yusifova Cümhuriyyət dövrü ilə bağlı maraqlı məlumatları şagirdlərə çatdırıblar.
Ş.Abbasbəyli “Azərbaycan Xalq Cümhuriyyəti-yaranması, fəaliyyəti, süqutu” mövzusunda ingilis dilində təqdimatla çıxış edib.
Daha sonra şagirdlərin ifasında mahnı səsləndirilib.
Sonda ADU tələbələri AXC-nin fəaliyyəti bağlı şagirdləri maraqlandıran suallara cavab veriblər.