ADU haqqında təqdimat keçirilib
Qəbələnin Nic qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə həmin təhsil müəssisəsində pedaqoji təcrübəyə cəlb edilən Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri universitetin tanıtımı ilə bağlı tədbir keçiriblər. ADU haqqında şagirdlərdə ilkin təsəvvür yaratmaq, onların universitetlə qiyabi tanışlığını təmin etmək məqsədi ilə keçirilən görüşdə digər məktəblərin də kollektivi iştirak edib.
Tədbirdə ADU-nun tarixi, beynəlxalq əlaqələri, universitetdə tədris olunan dillər, fakültələrin fəaliyyəti, universitetdə həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verilib, ali təhsil ocağının tanıtım videosu nümayiş olunub.
Sonda məktəb rəhbərliyinə və müəllimlərə universitetin jurnalı, rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti, fakültələr haqqında məlumatların yer aldığı bukletlər və kitablar hədiyyə edilib.