ADU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “AXC və təhsil” mövzusunda dəyirmi masa keçirilib
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində “AXC və təhsil” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev bildirib ki, yaxın və Orta Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqın maarifləndirilməsi istiqamətində misilsiz təşəbbüslər həyata keçirib: “Azərbaycan Xalq Cümhuriyyəti milli kadrların yetişdirilməsinə və təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Bu sahədə atılan addımlar kimi məktəblərin milliləşdirilməsini və ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılmasını qeyd etmək olar. Bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsası məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Təhsil sahəsində aparılan siyasət Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin mədəni inkişafı üçün real imkanlar açdı”.
Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov deyib ki, AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bütün elm və təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlər həyata keçirilir. O, AXC hakimiyyətinin savadsızlığın aradan qaldırılması istiqamətində apardığı islahatlardan, mədəniyyət, elm və təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr haqqında danışıb.
Tədbirdə iştirak edən 144 nömrəli məktəbin direktoru Həcər Mahmudova deyib ki, AXC hakimiyyəti dövründə milli təhsil sisteminin yaradılması istiqamətində uğurlu addımlar atılıb. H.Mahmudova, eyni zamanda ilk Təhsil Nazirliyinin yaradılmasının məhz AXC dövründə olduğunu da bildirib.