XƏBƏRLƏR

Kamal Abdulla Belqrad Universitetinin rektoru ilə görüşüb

21 may, 2018

Mayın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviçi qəbul edib.

Qonağı salamlayan akademik Kamal Abdulla Belqrad Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib və qeyd edib ki, mərkəzlərin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlər daha da genişlənəcək, hər iki ölkənin zəngin mədəniyyətinin təbliği və tanıdılmasında mərkəzlər mühüm rol oynayacaq.

Azərbaycan dövlətinin multikulturalizm siyasətinin dünyada təbliği istiqamətində mühüm addımlar atdığını deyən Kamal Abdulla Azərbaycan və Serbiya multikulturalizminin oxşar və fərqli cəhətləri mövzusunda konfransların, müzakirələrin baş tutmasının vacibliyini vurğulayıb. Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi barədə məlumat verən ADU rektoru Belqrad Universitetinin tələbələrini bu layihədə aktiv iştiraka dəvət edib.

Kamal Abdulla əminliyini ifadə edib ki, Belqrad Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq bundan sonra da ən yüksək səviyyədə davam edəcək.

Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç Azərbaycan Dillər Universitetində Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, Belqrad Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılması xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacaq. Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu, örnək hesab edildiyini vurğulayan rektor Vladimir Bumbaşireviç mərkəzlərin yaradılmasının münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.