XƏBƏRLƏR

ADU-da Tərcüməçilər Gününə həsr olunmuş tədbir keçirilib

01 oktyabr, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Bənövşə Məmmədova fakültədə ingilis, alman, fransız, ispan, italyan, Koreya dilləri üzrə 700 tələbənin təhsil aldığını qeyd edib.  Dekan nəzərə çatdırıb ki, bu gün həm xaricdə, həm də respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti məhz Tərcümə fakültəsinin məzunlarıdır.

Professor Qılıncxan Bayramov tərcümə sahəsində qarşıya çıxan problemlərdən, bu problemləri necə həll etməyin yollarından danışıb.

Dosent Vilayət Hacıyev bildirib ki, yaxşı tərcüməçi olmaq üçün ilk növbədə ana dilini mükəmməl bilmək lazımdır. Vilayət Hacıyev bədii tərcümənin çətinliklərindən də söz açıb. O, Tərcümə fakültəsinə qəbul olunan tələbələrin hər zaman fərqləndiyini qeyd edib.

Amerika səfirinin tərcüməçisi Xaqani Əliyev tərcümənin növləri, tərcümə prosesi zamanı yol verilən səhvlər, şifahi və yazılı tərcümə, sinxron və ardıcıl tərcümə arasındakı oxşar və fərqli cəhətlər, tərcümənin mərhələləri, tərcümə prosesində tələb olunan bacarıqlar haqqında məlumat verib. Xaqani Əliyev bədii tərcümə haqqında da geniş məlumat verərək, ingilis dili üzrə tərcüməçi - şair Sabir Mustafanın, alman dili üzrə dosent, tərcüməçi Vilayət Hacıyevin bu sahənin mütəxəssisi olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən “Şəms” tərcümə mərkəzinin rəhbəri, ASAN xidmətin tərcümə və apostil xidmətlərinin rəhbəri Nəsimi Həsənov tərcümənin növlərindən, hansı dillərə daha çox tələbat olduğundan, eləcə də tərcümə bazarında bugunkü tələblərə uyğun meyarlar haqqında danışıb və tələbələrin suallarını cavablandırıb.

ADU-nun məzunu və tərcüməçi Əli Əhmədov Azərbaycanda tərcüməçi bazarı, tərcümənin növləri, peşəkar tərcüməçi kimi yetişməyin yolları barədə öz təcrübələrini bölüşüb.