XƏBƏRLƏR

Rumıniyanın parlament nümayəndə heyəti ADU-da olub

16 mart, 2018

Martın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev martın 13-dən 16-na kimi Azərbaycanda səfərdə olan Rumıniyanın parlament nümayəndə heyəti ilə görüşüb.

Görüşdə professor Ə.Abdullayev qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirib, universitet, onun tarixi, professor-müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verib. Professor, həmçinin ADU-nun beynəlxalq əlaqələrindən də söz açıb. Ə.Abdullayev ADU-nun Rumıniyanın bir sıra universitetləri ilə təhsil sahəsində uğurlu münasibətlərinin olduğunu söyləyib. O, Rumıniyanın milli bayramı olan Bahar Günü-Martişor bayramının ADU-da yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Görüşün davamında ölkələrarası əlaqələrin vacibliyindən söz açılıb. Görüşdə, o cümlədən ADU-da Rumıniya Mərkəzinin açılması və onun gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Milli Məclisin təşkilatçılığı ilə martın 14-də və 15-də keçirilmiş İpək Yolu Konfransında iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmiş nümayəndə heyətinə Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Viktor Paul Dobre rəhbərlik edib.