XƏBƏRLƏR

ADU-da “Cəmiyyətdə qadın problemi” mövzusunda nümunəvi dərs keçirilib

22 dekabr, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi İlahə Tağızadənin təşkilatçılığı ilə universitetin Auditoriya+ proqramı çərçivəsində amerikalı yazıçı Stiven Kreynin “Meqi-küçə qızı” adlı əsəri əsasında “Cəmiyyətdə qadın problemi” adlı nümunəvi dərs keçirilib.

İ.Tağızadə  qadının dünyaya saf olaraq gəldiyini, lakin ona qarşı zorakılıq, şiddət və erkən evlilik kimi amillərə bağlı olaraq həyatının bir çox hallarda korlandığını deyib: “Kişilərin cəmiyyətdə potensial gücə sahib insan kimi olmaları, qadınların isə əksinə, zəif məxluq olmaları əksər hallarda onların istismarı ilə nəticələnib. Bu stereotipdən çıxış yollarının tapılması və cəmiyyətdə qadın zorakılığına qarşı tənqidi münasibətin formalaşması önəmlidir”. Daha sonra universitetin Filologiya və jurnalistika fakültəsinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələri qadının cəmiyyətdə mövqeyi, qadın zorakılığının qarşısının alınması problemləri barədə fikirlərini bildiriblər.

İnteraktiv şəkildə keçən nümunəvi dərsdə mövzu ilə bağlı suallar cavablandırılıb.