XƏBƏRLƏR

ADU təmsilçiləri beynəlxalq mədəniyyət festivalında

04 dekabr, 2017

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Cənub-Şərqi Asiya, İndoneziyaşünaslıq ixtisasının III kurs tələbəsi Özləm Soytürk və bu ixtisasın 2017-ci il məzunu Leyla Qarayeva İndoneziya hökumətinin təsis etdiyi Darmasiswa təqaüd proqramı çərçivəsində İndoneziyanın Bandunq şəhərində yerləşən İncəsənət və Mədəniyyət İnstitutu və Pacacaran Universitetində təhsillərini davam etdirirlər.

Özləm Soytürk və Leyla Qarayeva müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün təşəbbüs göstərirlər. Bu məqsədlə onlar Pacacaran Universitetində keçirilmiş beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla təmsil ediblər. Hər il təşkil edilən bu festivalda bu il Fici, Vyetnam, Çin, Tacikistan, Əfqanıstan, Tailand, Laos, Madaqaskar, Ukrayna, o cümlədən Azərbaycan da daxil olmaqla 50-dən çox ölkə təmsil olunub.

Təmsilçilərimiz Özləm Soytürk və Leyla Qarayeva tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, təbiəti və mədəniyyəti haqqında İndoneziya dilində ətraflı məlumat veriblər. Onlar, həmçinin hazırladıqları milli mətbəximizin ən məşhur xörəklərindən biri olan dolma və soyuq içki növü ayranı qonaqlara təqdim ediblər. Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin təamlarını maraqla qarşılayıb.

Bundan əlavə, İndoneziya milli rəqsini ifa edən Leyla Qarayeva digər iştirakçılar arasında üçüncü yer tutaraq müəyyən məbləğdə pulla da mükafatlandırılıb.