XƏBƏRLƏR

ADU-da “Azercell” Tələbə Təqaüdü Proqramının təqdimatı keçirilib

29 sentyabr, 2017

Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələr üçün “Azercell” Tələbə Təqaüdü Proqramı 2017-nin təqdimatı keçirilib.

“Azercell” şirkətinin İnsan qaynaqları departamentinin əməkdaşı Mədinə Məmmədzadə Tələbə Təqaüdü Proqramı 2017 üzrə qalib gələn tələbələrin ali təhsillərinin sonuna kimi hər ay 200 manat təqaüd alacaqlarını və tələbələrin telekommunikasiya sahəsi haqqında biliklərini artırmaqla yanaşı müxtəlif təlimlərdə iştirak etmək, həmçinin şirkətdə təcrübə keçmək şansı da əldə edəcəklərini söyləyib. Proqramın əsas məqsədinin müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə qayğı göstərmək, təhsil aldıqları ixtisas üzrə peşəkar kimi formalaşmasını dəstəkləmək olduğunu deyən M.Məmmədzadə elektron müraciət qaydaları və təqdim olunan sənədlər haqqında da tələbələrə ətraflı məlumat verib.

Qeyd edək ki, Tələbə Təqaüdü Proqramı 2017-nin qeydiyyat müddəti oktyabrın 15-ə kimi davam edəcək.