XƏBƏRLƏR

ADU-nun rektoru Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının yaradıcı heyəti ilə görüşüb

21 iyul, 2017

İyulun 21-də ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının “Uzaq ailə” proqramının yaradıcı heyəti ilə görüşüb.

Çin jurnalistlərini salamlayan rektor onlara universitet haqqında ətraflı məlumat verib. Burada Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini söyləyən K.Abdulla ümid etdiyini bildirib ki, bu İnstitut vasitəsilə ADU tələbələri Çinin tarixi, dil və mədəniyyəti ilə daha yaxından tanış olacaq: “Əlaqələrimizin layiqli inkişafı üçün böyük perspektivlər var. Biz təhsil sahəsində münasibətləri daha da inkişaf etdirmək istəyirik”.

K.Abdulla ümid etdiyini bildirib ki, burada Konfutsi İnstitutu fəaliyyət göstərdiyi kimi, Çində də Azərbaycan dili və mədəniyyəti mərkəzi yaranacaq və Çin gəncləri Azərbaycan dili və mədəniyyətini öyrənəcəklər: “Çinşünaslıq müstəqil elm kimi bu gün Azərbaycanda ilk addımlarını atır. Ümid edirik ki, yaxın gələcəkdə Çində də Azərbaycanşünaslar nəsli inkişaf edəcək”.

Görüşdə iştirak edən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov universitetdə Çin dilinin tədrisi barədə ətraflı məlumat verib. O, bildirib ki, burada dərslər həm çinli, həm də yerli mütəxəssislər tərəfindən keçirilir. Bundan əlavə, Çinin mədəniyyəti, dili, tarixi və s. həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur.

Görüşdən sonra K.Abdulla çinli jurnalistlərə müsahibə verib.