XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev Azərbaycan-Çin strateji tərəfdaşlığının əsasını qoymuşdur” adlı tədbir keçirilib

13 iyun, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan-Çin strateji tərəfdaşlığının əsasını qoymuşdur” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov vurğulayıb ki, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və bu tarix Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Heydər Əliyev çox qısa müddətdə ölkəni iqtisadi və siyasi böhrandan çıxararaq onu müstəqil və güclü dövlətə çevirib. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Professor ulu öndərin böyük diplomatik istedadının müstəqil Azərbaycanın xarici əlaqələrinin qurulması, Böyük İpək yolunun dirçəldilməsi, o cümlədən Çinlə çoxtərəfli münasibətlərin inkişafında da özünü göstərdiyini qeyd edib. O, həmçinin xatırladıb ki, belə çətin tarixi dövrdə ulu öndər Heydər Əliyevin görüşdüyü ilk diplomatlardan biri Çinin Azərbaycandakı səfiri olub ki, o, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Tsyao Şidenin təbrik teleqramını Ümummilli liderə çatdırıb. Tədbirdə çıxış edən ADU-nun Sosial elmlər kafedrasının müdiri Ədalət Abdiyeva qeyd edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və ağır olub. Bu qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürüb və şərəfli həyat yolunda Vətənə və millətə məhəbbətini sübut edib. 1993-cü il iyunun 15-i Azərbaycan xalqının tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi daxil olub. Məhz bu gündən etibarən Azərbaycan dünya ölkələri və xüsusilə qonşu ölkələrlə normal münasibətlərin yaradılması kursu götürüb. Ə.Abdiyeva qeyd edib ki, əsasını müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi və dünyəvilik kimi dəyərlərin təşkil etdiyi yeni Azərbaycan dövlətçiliyinin memarı məhz Heydər Əliyev olub. Tədbirdə 1993-2003-cü illərin tarixi video və fotoxronika şəklində nümayiş etdirilib, ADU-nun professoru Rafiq Abbasov tərəfindən hazırlanmış, Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin roluna həsr olunmuş “Azərbaycan - Çin: diplomatik münasibətlərin qurulmasının 10-cu ildönümü” və “Azərbaycan Prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri” adlı kitablar təqdim olunub.