XƏBƏRLƏR

ADU təmsilçisi 35 nömrəli tam orta məktəbdə təqdimat keçirib

23 may, 2017
Mayın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzinin direktoru Rəna Fərəcova Nəsimi rayonu 35 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüb. Görüşün əsas məqsədi ADU ilə məktəblər arasında əlaqələri genişləndirmək və şagirdlərdə ali təhsil müəssisəsi haqqında ilkin fikir formalaşdırmaq olub. Öncə universitet haqqında tanıtım video-çarxı nümayiş olunub. Görüşdə çıxış edən ADU-nun Kurrikulum inkişafı və təhsil siyasəti Departamentinin müdiri Şəfəq Şahməmmədova universitet haqqında məlumat verib. Sonra R.Fərəcova təqdimatla çıxış edib. O, təmsil etdiyi Dillər Universitetinin tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri, fakültələr və ixtisaslar, dil mərkəzləri, açıq kitabxanaları, muzeyləri, tələbələrin sayı, məzunlar haqqında geniş məlumat verib. R.Fərəcova Bolonya prosesi və xarici ölkə universitetləri ilə bağlanan müqavilələr, tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə ADU-nun Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klublar və departamentlər və ADU-nu digər universitetlərdən fərqləndirən cəhətlər haqqında da danışıb. Görüşdə iştirak edən məktəbin direktoru Rəna Naibova ADU ilə əməkdaşlıqdan şad olduğunu bildirib və geniş formatlı tanıtım üçün təşəkkürünü bildirib. O, universitet ilə məktəb arasında əməkdaşlığın əsasının 2000-ci ildə qoyulduğunu diqqətə çatdırıb. Görüşdə sınaq imtahanlarında ən yüksək bal toplayan 3 nəfər abituriyentə universitet tərəfindən hədiyyələr təqdim olunub.