XƏBƏRLƏR

“Azərbaycan və Çin mədəniyyətində ana obrazı”

07 mart, 2017
ADU-nun nəzdindəki Konfutsi İnstitutunda 8 Mart bayramı qeyd olunub Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan və Çin mədəniyyətində ana obrazı” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tədbir iştirakçılarını təbrik edib, klassik Çin mətnlərində mühüm yer tutan ana obrazının Çin mədəniyyətində yeganə ictimai əhəmiyyətli obraz olduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Getmə, ana!” şeirini Çin dilində ifa edib. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Xuraman Əliyeva şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru, Azərbaycanın görkəmli ərəbşünası Aida İmanquliyevanın həyat və elmi fəaliyyətindən bəhs edib, onun Azərbaycan qadını və anaya xas nəcib keyfiyyətlərə malik olduğunu vurğulayıb. Tədbir çərçivəsində “Mənim sevimli anam” mövzusunda Çin dilində esse müsabiqəsində iştirak etmiş tələbələrin mükafatlandırılma mərasimi də keçirilib. Sonda çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr bədii proqramla çıxış edərək “Ana” mövzusuna həsr olunmuş lirik şeir və mahnılar ifa ediblər.