XƏBƏRLƏR

ADU-da “İgidlik dərsi, şəhidlik zirvəsi” adlı dəyirmi masa

27 yanvar, 2017
Yanvarın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “İgidlik dərsi, şəhidlik zirvəsi” adlı dəyirmi masa keçirilib. Universitetin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlunun təşkilatçılığı ilə keçirilən tədbirdə Hüquq şöbəsinin müdiri İlkin Əkbərli, hüquqşünas Əli Mustafayev və tələbələr iştirak edib. Professor M.Teymurlu müxtəlif dövrlərdə xalqın başına gətirilən müsibətlərdən söz açıb. Şəhidliyin qəhrəmanlıq, xoşbəxtlik, əbədiyyət olduğunu deyən M.Teymurlu gənclərin vətənpərvər ruhda yetişmələrinin vacibliyindən danışıb. O, 1990-cı il 20 Yanvar hadisələri zamanı dinc xalqın azadlıq uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqdan söz açıb. M.Teymurlu vətənin ərazi bütövlüyünün bərpa olunmasında gənclərin daim mübarizəyə hazır olmalarının vacibliyini vurğulayıb, gənclərə xalqımızın üzləşdiyi vəhşiliklərin dünya miqyasında təbliğində fəal olmağı tövsiyə edib. Daha sonra hüquqşünas Ə.Mustafayev 1990-cı ilin 20 yanvar tarixində SSRİ ordu birləşmələrinin Azərbaycana hərbi müdaxiləsi, əliyalın əhaliyə qarşı törədilən vəhşiliklər haqqında danışıb. O, bu hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olaraq xalqın özünüdərkinə, milli-siyasi dəyərlərin formalaşmasına kömək etdiyini dilə gətirib. Tələbələr Elşən Qəhrəmanov və Zemfira Qurbanova vətənpərvərlik mövzusunda fikirlərini bölüşüblər. Dəyirmi masa müzakirələrlə yekunlaşıb.