XƏBƏRLƏR

ADU-da Formula 1 Azərbaycan Qran Prisi Könüllülük Proqramı çərçivəsində təqdimat keçirilib

20 dekabr, 2016

 

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi Könüllülük Proqramı çərçivəsində ingilis dilində təqdimat keçirilib.

Öncə universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev Avropa əhəmiyyətli tədbirlərdən və belə tədbirlərdə universitetimizin tələbələrinin fəal iştirakından danışıb.

Sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və İşçi qüvvəsi şöbəsinin koordinatoru Tural Hümbətov proqram ətrafında çıxış ediblər. Həmin şöbənin əməkdaşları Türkan Məmmədova və Sevinc Cəfərovanın təqdimatında bu yay Azərbaycanda ikinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi haqqında, Azərbaycan Qran Prisinin “Könüllülər” proqramına qoşulma prosesi və könüllülərin bu proqram vasitəsilə əldə edəcəkləri təcrübə, həmçinin  Bakı Şəhər Halqası Əməliyyat şirkətində yeni açılmış akademiya  və  akademiyada keçiriləcək təlim proqramları barəsində slayd vasitəsi ilə iştirakçılara geniş məlumat verilib, videoçarx izlənilib.

Təqdimat prosesi Bakı Şəhər Halqası Əməliyyatının İşçi qüvvəsi üzrə meneceri Atif Qəmbərovun rəhbərliyi ilə tələbələr arasında yarış haqqında məlumatlılığı öyrənmək məqsədilə keçirilən sual-cavab sessiyası ilə davam etdib. Düzgün cavab verən tələbələr könüllülər komandası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb. Bundan başqa, tələbələrin könüllülük fəaliyyəti ilə bağlı sualları dinlənilib və bu suallara ətraflı cavablar verilib.

  Sonda Formula 1 Könüllülük Proqramı haqqında ətraflı məlumatları əks etdirən bukletlər paylanılıb.

Onu da qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi gələn il, 23-25 iyunda keçiriləcək. Könüllülər  [email protected] ünvanından qeydiyyatdan keçə bilər.