XƏBƏRLƏR

Konfutsi İnstitutunun əməkdaşları “Xəzər” radiostansiyasında olublar

16 dekabr, 2016

 

“Xəzər” radiostansiyasının hazırladığı Çinə həsr olunmuş verilişdə iştirak edən Azərbaycan  Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları Yan Minyuu və Aygül İmamhaci Azərbaycana səfərləri və buradakı işləri barədə təəssüratlarını bölüşüblər. Bakıya heyran olduqlarını bildirən qonaqlar qonaqpərvər Azərbaycan xalqını səmimi qəlbdən sevdiklərini vurğulayıblar. Azərbaycanda Çin dilinin öyrənilməsinə  böyük maraq olduğunu bildirən Yan Minyuu Çin heroqliflərinin öyrənilməsinə dair məsləhətlərini verib və çinlilərin məişət xüsusiyyətləri, kulinariya sirlərini bölüşüb. Aygül İmamhaci radio dinləyiciləri arasında Çinə dair bilik yarışı da keçirib. Çinin görməli yerləri barədə suallara cavab verən qonaqlar Sian şəhəri yaxınlığında yerləşən və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı ziyarət etdiyi qədim “Terrakota ordusu”  (Torpaq əsgərlər) muzeyini xüsusi olaraq  vurğulayıblar. Yan Minyuu Çinlə daha dərindən tanış olmaq istəyən radio dinləyicilərini ADU nəzdindəki Konfutsi İnstitutunun mədəni tədbirlərində iştirak etməyə dəvət edib.

Verilişin sonunda qonaqlar “Xəzər” radiostansiyasının əməkdaşlarına ADU tərəfindən Çin və Azərbaycan dillərində nəşr olunan və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində çoxtərəfli fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı hədiyyə ediblər.

ADU nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun sözlərinə görə, Konfutsi İnstitutunun əsas vəzifələrindən biri Azərbaycan və Çinin aparıcı kütləvi informasiya vasitələri (KİV) arasında əməkdaşlığın qurulması, xüsusilə də Çin cəmiyyətinə Azərbaycanın müasir ictimai-siyasi, iqtisadi və mədəni həyatı barədə düzgün informasiyanın  çatdırılmasıdır. R.Abbasov ADU nəzdindəki Konfutsi İnstitutu ilə əməkdaşlıq edən Çinə məxsus başlıca KİV – “Jenmin Jibao”, “Çin gəncliyi” qəzetləri və “Sinxua” İnformasiya agentliyi ilə informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini də qeyd edib.