XƏBƏRLƏR

Akademik Kamal Abdulla İngilis dilinin qrammatikası kafedrasının kollektivi ilə görüşüb

23 noyabr, 2026

 Noyabrın 20-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İngilis və fransız dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasının kollektivi ilə görüşüb. Görüşdə universitetin rəhbər heyətinin nümayəndələri – rektorun müşaviriləri, prorektorlar, İngilis və fransız dilləri fakültəsinin dekanı və kafedranın professor-müəllim heyəti iştirak ediblər.

Görüşün əsas müzakirə istiqamətlərini kafedranın elmi-tədqiqat potensialı, tədrisin məzmun və metodoloji baxımdan təkmilləşdirilməsi, müasir dilçilik nailiyyətlərinin ali təhsil mühitinə inteqrasiyası və gələcək inkişaf perspektivləri təşkil edib.

 Kafedra müdiri, professor Leyla Xanbutayeva kafedranın fəaliyyət istiqamətləri, elmi potensialı, tədris və tədqiqat fəaliyyəti, eləcə də həyata keçirilən elmi-metodik tədbirlər barədə məlumat verib. Kafedranın professor-müəllim heyətinin elmi təcrübəsi və akademik potensialının tədrisin keyfiyyətinin yüksəldilməsi, tədqiqat istiqamətlərinin genişləndirilməsi və müasir elmi yanaşmaların tədris prosesinə inteqrasiyası üçün əlverişli zəmin yaratdığı vurğulanıb.

İngilis və fransız dilləri fakültəsinin dekanı, dos. V. Babayeva kafedranın fəaliyyətini müsbət qiymətləndirərək kollektivin təşəbbüskarlığını, tədrisin təşkilində fəallığını və müasir yanaşmalara açıqlığını xüsusi vurğulayıb.

 Akademik Kamal Abdulla qrammatikanın xarici dil təhsilində fundamental əhəmiyyətini qeyd edərək, onun tədrisinin formal qaydaların öyrədilməsi ilə məhdudlaşmamalı, dilin məntiqi və struktur mexanizmlərinin dərindən mənimsənilməsinə xidmət etməli olduğunu vurğulayıb. Bu baxımdan elmi-nəzəri hazırlığın praktik dil bacarıqları ilə uzlaşdırılmasının, tələbələrdə tənqidi və analitik düşüncənin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib.

 Sonda kafedranın elmi-tədqiqat fəaliyyətinin daha da genişləndirilməsi, müasir dilçilik istiqamətləri üzrə araşdırmaların təşviqi, elmi nəşrlərin və yeni tədris resurslarının hazırlanması, eləcə də innovativ texnologiyaların təhsil prosesində tətbiqi ilə bağlı perspektivlər müzakirə olunub.

  Görüş akademik dialoq, qarşılıqlı fikir mübadiləsi və kafedranın gələcək fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi şəraitində başa çatıb.