Argentina Respublikasının konsulu Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini ziyarət edib
Noyabrın 17-də Argentina Respublikasının ölkəmizdəki səfirliyinin konsulu Matías Manuel Baeza və səfirliyin Konsulluq şöbəsinin assistenti Ülviyyə Əzizova Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsini ziyarət ediblər.
Qonaqları Tərcümə fakültəsinin dekanı Bənövşə xanım və ADU-nun İspan Dili Mərkəzinin rəhbəri Nərgiz Madatova qarşılayıblar. Görüş zamanı universitet, Tərcümə fakültəsi, tədris olunan fənlər və tələbələrin akademik fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra tələbələrlə görüş keçirilib və Argentina haqqında geniş təqdimat edilib. Təqdimat zamanı ölkənin təbiəti, zəngin mədəniyyəti, geosiyasi mövqeyi, Malvin adaları, musiqisi, ədəbiyyatı və kinematoqrafiyası haqqında məlumatlar foto və video materiallarla müşayiət olunaraq iştirakçıların diqqətinə çatdırılıb.
Görüş çərçivəsində Argentina ispan dilinin spesifik xüsusiyyətləri, linqvistik fərqləri və özünəməxsus ifadə formaları da tələbələrlə müzakirə edilib.
Təqdimatın sonunda tələbələrin mövzu ilə bağlı biliklərini yoxlamaq məqsədilə interaktiv yaddaş oyunu təşkil olunub. Sualları düzgün cavablandıran tələbəyə Argentina diplomatik nümayəndəliyi adından kiçik simvolik hədiyyə təqdim edilib.
Belə görüşlər tələbələrin xarici ölkələrin dili, mədəniyyəti və tarixi haqqında biliklərinin genişləndirilməsi, eləcə də ispan dilinin müxtəlif regional variantları ilə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıyır.









