ADU-da Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Konstitusion dəyərlər və milli suverenlik: Azərbaycan dövlətçiliyinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli Azərbaycan dövlətçiliyinin konstitusion əsaslarının zəngin tarixi inkişaf yolu keçdiyini bildirib. O, bu prosesin başlanğıcının Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etdiyini, Cümhuriyyətin qəbul etdiyi dövlətçilik prinsiplərinin sonrakı dövrlərdə konstitusion ənənələrin formalaşmasına təsir göstərdiyini qeyd edib.
Professor Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsindəki xüsusi roluna toxunaraq, onun rəhbərliyi və təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması müddəasının daxil edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. Həmçinin 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi prosesində Heydər Əliyevin siyasi rəhbərliyini və təşəbbüskarlığını vurğulayıb.
Bildirilib ki, müasir Azərbaycan Konstitusiyası dövlət müstəqilliyinin, milli suverenliyin, hüquqi dövlət quruculuğunun və insan hüquqlarının təminatının başlıca hüquqi əsasını təşkil edir.
Beynəlxalq Münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova “Müasir dövrdə Azərbaycan Konstitusiyası: konstitusion dəyərlər, hüquqi təminatlar və inkişaf perspektivləri” mövzusunda çıxış edərək Azərbaycan Konstitusiyasının demokratik dövlət quruculuğunun, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təm in edilməsinin əsas hüquqi təminatı olduğunu bildirib. O, konstitusion prinsiplərin müasir dövrdə tətbiqi, hüquqi dövlət institutlarının inkişafı və milli suverenliyin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. Həmçinin konstitusion hüquq və vəzifələrin gənc nəslə aşılanmasının hüquqi düşüncənin və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Samir Səfiyev “Azərbaycan Respublikasının Konstitusiyası: müstəqillik və multikultural dəyərləri özündə əks etdirən əsas hüquqi akt kimi” mövzusunda çıxışında Azərbaycan Konstitusiyasının ölkənin dövlət müstəqilliyini, milli suverenliyini və ərazi bütövlüyünü təsbit etməklə yanaşı, cəmiyyətdə multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunmasının hüquqi əsaslarını müəyyən etdiyini qeyd edib. O, müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin hüquq bərabərliyinin təmin olunmasının, milli-mənəvi müxtəlifliyə hörmət prinsiplərinin konstitusion səviyyədə qorunmasının Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Afaq İsmayılova “Azərbaycan Respublikasının unitar dövlət quruluşu və onun konstitusion əsasları” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının unitar dövlət quruluşunun ölkənin ərazi bütövlüyünün, dövlət suverenliyinin və vahid idarəetmə sisteminin təmin edilməsinin əsasını təşkil etdiyini bildirib. O, Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü, vahid hüquq sistemi və mərkəzləşdirilmiş dövlət hakimiyyəti prinsiplərinin ölkənin siyasi sabitliyinin və dövlət müstəqilliyinin qorunmasındakı əhəmiyyətini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.









