XƏBƏRLƏR

“44 günlük şərəf yolu: Ucalan bayrağın izi ilə” adlı tədbir keçirilib

06 noyabr, 2026

Noyabrın 6- da Azərbaycan Dillər Universitetində (ADU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “44 günlük şərəf yolu: Ucalan bayrağın izi ilə” adlı tədbir keçirilib.
Tədbir Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq və Azərbaycan tarixi, Şərq ölkələri üzrə regionşünaslıq, Qərb ölkələri üzrə regionşünaslıq və Beynəlxalq münasibətlər kafedralarının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. O, qazanılan Zəfərin milli birliyin, xalqımızın iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu qeyd edib.
Tədbirdə Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Fidan Ələsgərova “II Qarabağ müharibəsində Azərbaycanın uğur qazanmasını şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Zəfərin elmi, siyasi və regional əhəmiyyəti” mövzusunda çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin elmi, siyasi və regional aspektlərinə toxunub.
Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Aytən Xanlarova “Bayrağım – milli qürurum, dövlətçilik rəmzim” mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Şəbnəm Alməmmədova isə “Bayraqda yaşayan tarix” adlı məruzəsində Azərbaycan bayrağının tarixi və milli-mənəvi dəyərlərimizdəki yeri barədə fikirlərini bölüşüb.
Tədbir tələbələrin çıxışları ilə davam edib. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq (Türkiyə) ixtisası üzrə III kurs tələbəsi Aygün Əliyeva (387-ci qrup) “Zəfərin tələbə sədası”, Regionşünaslıq (Qafqaz) ixtisası üzrə II kurs tələbəsi Aysu Abdullayeva (271B qrupu) isə “Qəhrəmanlığın tələbə imzası” mövzularında çıxış ediblər.