XƏBƏRLƏR

ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib

02 noyabr, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin fonetikası kafedrasının dosenti Kifayət Alırzayevanın təşkilatçılığı ilə İngilis və fransız dilləri fakültəsinin 212A və 212B qruplarının tələbələrinin iştirakı ilə “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib.
Tədbirdə ADU rektorunun müşaviri i.ü.f.d. Anar Osmanlı, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalzadə, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, İngilis dilinin fonetikası kafedrasının müdiri dosent Xatirə Qocayeva, eləcə də kafedranın müəllim heyəti iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətini gənc nəslə çatdırmaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, tələbələrdə milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbir çərçivəsində tələbələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş ADU məzunlarının həyat və qəhrəmanlıq yoluna həsr olunan təqdimatlar hazırlayıblar. Təqdimatlar tələbələr tərəfindən həm Azərbaycan, həm də ingilis dillərində təqdim edilib. Çıxışlarda şəhid məzunların həyat yolu, Vətənə sədaqəti, qəhrəmanlığı və tarixi Zəfərin əldə olunmasında göstərdikləri fədakarlıq xüsusi vurğulanıb.