ADU-da multikultural dəyərlərin təhsil sistemində təbliği müzakirə olunub
Oktyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və İctimai Elmlər kafedrası və “Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə “Təhsil sistemində multikultural dəyərlərin təbliği” mövzusunda diskussiya klubunun növbəti iclası keçirilib.
Tədbirdə multikulturalizm fənnini tədris edən müəllimlər, fəlsəfə və ictimai elmlər üzrə mütəxəssislər, professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Diskussiya zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar təhlil olunub.
Diskussiyanı “Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzinin müdiri Loğman Rəşidzadə açaraq multikultural dəyərlərin təhsil sistemi vasitəsilə təbliği və təşviqinin xüsusiyyətləri barədə məlumat verib.
Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdıyeva giriş nitqi ilə çıxış edərək multikultural hərəkatın fəlsəfi əsaslarına toxunub. O, multikultural dəyərlərin tədris üsulları ilə elmi təhlilinin, eləcə də bu dəyərlərin fəlsəfi mahiyyətinin əhəmiyyətini vurğulayıb. Bərabərlik, tolerantlıq, fikir və yaşam azadlığının insan mənəviyyatı və əxlaqının əsas komponentləri olduğunu qeyd edən Ədalət Abdıyeva qloballaşan dünyada multikultural tendensiyanın qorunmasının elm və təhsil qarşısında dayanan əsas məsələlərdən biri olduğunu bildirib.
Daha sonra multikulturalizm fənnini tədris edən müəllimlər Nuranə Məmmədova “Multikultural dəyərlərin tədris prosesinə inteqrasiyası – gənc nəslin dünyagörüşünün formalaşması”, Ləman Hacıyeva “Multikultural təhsil, tolerant cəmiyyətin formalaşmasında ali təhsilin rolu”, Günel Qarayeva isə “Təhsildə mədəni müxtəlifliyin təşviqi: sosial ədalət və bərabər imkanlar kontekstində” mövzularında çıxış ediblər.
Diskussiya zamanı qloballaşma dövründə immiqrantların və etnik xalqların sosial-mədəni inteqrasiyası, bu prosesdə milli-mənəvi dəyərlərin qorunması, eləcə də azsaylı xalqların özünəməxsusluğunun yaşadılması yolları əsas müzakirə mövzularından olub.
Tədbirdə professorlar İbrahim Kazımbəyli, Sevdagül Əliyeva və Aida Yusifzadə mövzu ilə bağlı nəzəri fikirlərini bölüşüblər.
Diskussiyada tələbələr Eldar Məmmədov, Zoya Əliyeva, Leyla Qüdrətli, Səidə Mürsəlova və Ziya Həsənli fəallıq göstəriblər.
Sonda sual-cavab formatında fikir mübadiləsi aparılıb, elmi və sosial məsələlər təhlil olunub, multikultural düşüncənin formalaşmasında təhsilin imkanları müzakirə edilib.









