ADU əməkdaşı Özbəkistanda akademik səfərdə olub
Azərbaycan Dillər Universitetinin (ADU) İndoneziya Araşdırmalar Mərkəzinin müdiri, Dünya dilləri kafedrasının baş müəllimi Laura Zərbəliyeva 5–10 oktyabr 2026-cı il tarixlərində “Orhun” mübadilə proqramı çərçivəsində Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində akademik səfərdə olub.
Səfər çərçivəsində L.Zərbəliyeva Şərq xalqlarının dilləri və ədəbiyyatı fakültəsinin İndoneziya bölməsinin II, III və IV kurs tələbələri üçün İndoneziya dilinə həsr olunmuş təqdimatla çıxış edib, tələbələrə ustad dərsləri keçib. O, pedaqoji təcrübəsini bölüşərək tələbələrin İndoneziya dili üzrə bilik və bacarıqlarının inkişafına töhfə verib.
Akademik səfər müddətində L.Zərbəliyeva Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professor-müəllim heyəti ilə görüşüb, həmkarları ilə elmi-pedaqoji təcrübə mübadiləsi aparıb. Görüşlər zamanı Azərbaycan Dillər Universitetinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq əlaqələri barədə geniş məlumat verilib.
“Orhun” mübadilə proqramı çərçivəsində həyata keçirilən akademik səfər peşəkar təcrübə mübadiləsi, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi və Azərbaycan Dillər Universitetinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır.
L.Zərbəliyevanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində proqram çərçivəsində apardığı fəaliyyət də bu istiqamətdə mühüm addımlardan biri olub.









