ADU-da İndoneziya səfiri ilə görüş keçirilib
Oktyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.
Rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək, ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin işindən bəhs edib.
O bildirib ki, İndoneziya həm dövlət, həm də zəngin mədəniyyətə malik ölkə kimi müsəlman dünyasında xüsusi yer tutur. Universitetdə İndoneziya dili və mədəniyyətinin tədrisi, bu ölkənin tarixi və ənənələrinin öyrənilməsi tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.
Söhbət zamanı rektor İndoneziya ilə Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, birgə elmi və mədəni layihələrin həyata keçirilməsinin qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Dillər Universitetində İndoneziya dili və mədəniyyətinin tədrisindən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında dostluq münasibətlərinin inkişafında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.
Görüşdə ADU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra diplomat ADU-nun “Səfir saatı” layihəsində iştirak edib.
Görüş tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib































