XƏBƏRLƏR

ADU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dərs keçirilib

16 oktyabr, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis–Fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının müdiri, professor Vüsalə Ağabəylinin təşəbbüsü və kafedranın dosenti Elina Fərəcovanın təşkilatçılığı ilə 114 B qrupunda Müstəqilliyin Bərpası Günü münasibətilə maarifləndirici dərs keçirilib.
Dərsdə Linqvokulturologiya kafedrasının müdiri, professor Vüsalə Ağabəyli və kafedranın digər əməkdaşları iştirak ediblər.

İngilis dilində tədris olunan dərsin əsas məqsədi tələbələrə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti haqqında məlumat vermək, milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək, gənclərdə vətənpərvərlik ruhunu və müstəqil dövlətçilik ənənələrinə bağlılığı artırmaq olub.

Dərs zamanı Azərbaycanın müstəqillik tarixi, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın əhəmiyyəti və müstəqilliyin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafındakı rolu haqqında tələbələrə tədris aldıqları ingilis dilində məlumat verilib.

Tələbələr mövzu ətrafında müzakirələrdə iştirak edib, Azərbaycanın müstəqillik tarixi ilə bağlı fikirlərini bölüşüblər. İnteraktiv formada təşkil olunan dərsdə tələbələrin tarixi biliklərinin genişləndirilməsinə, ingilis dilində ünsiyyət bacarıqlarının inkişafına və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Sonda kafedra müdiri, professor Vüsalə Ağabəyli çıxışında dövlət müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.